Maraqlı Özəl

8 saat mifi təkzib edildi: Əslində nə qədər yatmaq lazımdır?

8 saat mifi təkzib edildi: Əslində nə qədər yatmaq lazımdır?

Alimlər yuxu müddətinin “qızıl orta”sını müəyyən ediblər. Məlum olub ki, sağlam yetkin insan üçün 6 saat 24 dəqiqədən 7 saat 48 dəqiqəyədək yuxu kifayət hesab olunur. Bu müddətdən az və ya çox yatmaq beynin və daxili orqanların daha sürətli qocalması, həmçinin müxtəlif xəstəliklərin riskinin artması ilə əlaqələndirilir.

Demokrat.az xəbər verir ki, bu barədə Harvard Universitetinin insanın təkamül biologiyası professoru Daniel E. Liberman “The Washington Post” qəzetində dərc olunan məqaləsində yazıb.

Professor qeyd edir ki, son araşdırmalar gündə mütləq 8 saat yatmağın zəruri olması barədə geniş yayılmış fikri təkzib edib. “Nature” jurnalında dərc olunan yeni elmi məqalədə isə hətta 6,5 saatlıq yuxunun da kifayət edə biləcəyi göstərilib.

Tədqiqatçılar yüz minlərlə insanın yuxu vərdişləri barədə təqdim etdiyi məlumatları təhlil ediblər. Onlar iştirakçıların tibbi qeydlərini araşdırmaqla yanaşı, orqan toxumalarının yaşlanma səviyyəsini qiymətləndirmək üçün mürəkkəb analiz metodlarından da istifadə ediblər.

Araşdırma nəticəsində müəyyən olunub ki, həm yuxu çatışmazlığı, həm də normadan artıq yuxu bütün orqanizmə, o cümlədən beyinə, ürəyə və bağırsaqlara mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, orqanizmdə toxuma zədələnmələrinin artması yuxu balansının pozulmasının sürətlənmiş qocalma və erkən ölüm riski ilə əlaqəsini izah edə bilər.

Bununla yanaşı, müəllif tədqiqatın bəzi məhdudiyyətlərinə də diqqət çəkib. Onun sözlərinə görə, istifadə olunan metod səbəb və nəticə əlaqəsini tam müəyyən etməyə imkan vermir.

“Özünü pis hiss edən insanlar çox vaxt daha uzun müddət yatırlar. Buna görə də mümkündür ki, 8 saatdan artıq yuxu səhv şəkildə zərərli amil kimi qiymətləndirilib”, deyə Liberman qeyd edib.

Buna baxmayaraq, alim hesab edir ki, araşdırma kifayət qədər yuxunun sağlamlıq üçün əhəmiyyətini təsdiqləyən sübut bazasını daha da gücləndirir. Onun fikrincə, yuxu çatışmazlığının qocalmanı sürətləndirdiyini bilmək az yatan insanlar üçün xəbərdarlıq rolunu oynaya və onları daha erkən yatmağa sövq edə bilər. Eyni zamanda, həddindən artıq yatmağa meylli şəxslər də yuxu rejimlərini yenidən nəzərdən keçirə bilərlər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova