Son illər toy mərasimlərinin təşkili ilə bağlı xərclərin artması cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir. Şadlıq sarayları, cehiz, yaşayış yeri və digər xərclər ailə qurmağa hazırlaşan gənclərin maliyyə yükünü artırır. İqtisadi amillər evlilik qərarına və onun vaxtına birbaşa təsir göstərə bilər. Bu səbəbdən bəzi gənclər maddi imkanlarını yaxşılaşdırmaq üçün ailə qurmağı daha gec yaşlara təxirə salırlar. Toy xərclərinin bahalaşmasının evlilik yaşının yüksəlməsində nə dərəcədə rol oynadığı isə müxtəlif baxışların mövcud olduğu mövzulardan biridir.
Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, toy xərclərinin artması ilə evlilik yaşının yüksəlməsi arasında birbaşa əlaqə var:
“Bu, uzun illərdir cəmiyyətlərdə müşahidə olunan və ailə qurma prosesinə təsir göstərən əsas amillərdən biridir. Xüsusilə kişilər ailə qurmazdan əvvəl ev, sabit gəlir, iş, vəzifə və müəyyən maddi imkanlara sahib olmaq zərurəti ilə qarşılaşırlar. Bu vəziyyət həm Şərq, həm də Qərb cəmiyyətləri üçün xarakterikdir. Maddi imkanlar, sosial status və iqtisadi vəziyyət bir çox hallarda evlilik qərarına təsir edən əsas amillər sırasında yer alır. Burada insanların maddi imkanlarına görə qınanması düzgün deyil. Lakin ailə quracaq şəxsin təhsil səviyyəsi, dünyagörüşü, peşəsi və iqtisadi vəziyyəti cəmiyyət tərəfindən hər zaman diqqət yetirilən məsələlər olub. Toy xərclərinin bahalaşması təbii olaraq insanları çətin vəziyyətə salır. Bu, yalnız bu günün problemi deyil. Keçmişdə də maddi imkanların məhdudluğu səbəbindən toyların təxirə salınması halları olub. Bu, cəmiyyətlərdə uzun müddətdir müşahidə olunan sosial tendensiyadır”.
O deyib ki, Azərbaycan cəmiyyətində toy ənənələri hələ də mühüm yer tutur:
“İnsanların böyük əksəriyyəti ailə qurmağın toy mərasimi ilə müşayiət olunmasını vacib hesab edir. Qohumların, yaxınların bir araya gəlməsi, xeyir-dua verməsi, ailə sevincinin paylaşılması bir çoxları üçün evliliyin ayrılmaz hissəsidir. Buna görə də toy mərasiminin keçirilməsi yalnız hüquqi deyil, həm də sosial və mənəvi hadisə kimi qəbul olunur. Son illərdə bəzi yeni yanaşmalar da formalaşıb. Elə insanlar var ki, sadəcə rəsmi nikahla kifayətlənir və ya uzun müddət vətəndaş nikahında yaşayırlar. Buna baxmayaraq, Azərbaycan cəmiyyətində geniş qonaq siyahısı ilə keçirilən ənənəvi toylar hələ də üstünlük təşkil edir. İnsanlar əvvəlki illərlə müqayisədə müəyyən qədər qənaət etməyə çalışsalar da, qohumların və tanışların iştirak etdiyi böyük toy mərasimlərinə maraq qalmaqdadır. Məhz bu səbəbdən toy xərclərinin artması bir çox hallarda evliliyin aylarla, bəzən isə illərlə gecikməsinə səbəb olur. Bahalaşma insanların maliyyə imkanlarına uyğun gəlmədikdə, onlar ailə qurmaq qərarını təxirə salmağa üstünlük verirlər. Bununla belə, maddi çətinliklər ailə qurmağa mane olmamalıdır. Ailə yalnız firavan günlər üçün deyil, çətinliklərin birlikdə aşılması üçün də qurulur. Qarşılıqlı dəstək, sədaqət, birgə gələcək qurmaq istəyi ailənin əsas dəyərləri hesab olunur. Toy xərclərinin yüksək olması həm də sosial rifah məsələsidir. Bu baxımdan müəyyən güzəştlərin tətbiqi, ehtiyacı olan ailələr üçün dəstək mexanizmlərinin yaradılması və ya əlverişli maliyyələşdirmə imkanlarının təqdim edilməsi ailə qurmaq istəyən gənclərin yükünü azalda bilər. Ən vacibi isə odur ki, maddi məsələlər yeni ailələrin qurulmasına və insanların xoşbəxtliyinə maneə yaratmasın”.
Leyla Turan Demokrat.az


