Bakının Sabunçu rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Maştağa qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Ağdam rayon sakini Nəcəf birgə yaşadıqları evin qonaq otağında həyat yoldaşı Vüsalə ilə mübahisə edib.
Aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən masanın üzərində olan şüşə stəkanı götürüb və arvadına tərəf atıb. Şüşə stəkanın sınması nəticəsində qadın sol baldır nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş də ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirib. O, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


