İqtisadiyyat Özəl

Taxılda ümid var, meyvələrdə risk artır — AÇIQLAMA

Taxılda ümid var, meyvələrdə risk artır — AÇIQLAMA

Kənd təsərrüfatı sektorunda məhsuldarlıq həm fermerlərin gəlirlərinə, həm də bazarda formalaşan qiymətlərə birbaşa təsir göstərən əsas amillərdən biridir. Mövsümün gedişi fonunda bu il məhsul istehsalı ilə bağlı gözləntilər də diqqət mərkəzində qalır. İqlim şəraiti, su ehtiyatlarının mövcudluğu və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi məhsuldarlığın formalaşmasında mühüm rol oynayır. Fermerlər xüsusilə toxum keyfiyyəti və gübrələmə prosesinə daha çox önəm verirlər. Eyni zamanda bazar tələbi və logistika imkanları da istehsalın ümumi nəticələrinə təsir göstərir.

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, nəticələr regiondan və məhsul növündən asılı olaraq dəyişir:

“Bəzi bölgələrdə məhsuldarlıq nisbətən yüksək olsa da, bir sıra ərazilərdə iqlim şərtləri təsərrüfatlara ciddi ziyan vurub. Ümumilikdə isə bu il kənd təsərrüfatı üçün kifayət qədər çətin bir mövsüm kimi xarakterizə olunur. İqlim dəyişiklikləri, xüsusilə yağışlı hava, dolu və güclü küləklər bir çox təsərrüfatlarda zərərlərə səbəb olub. Rütubətin artması isə həm göbələk xəstəliklərini, həm də müxtəlif bitki xəstəliklərini daha da aktivləşdirib. Müasir aqrotexniki üsulların tətbiq olunduğu təsərrüfatlarda vəziyyət nisbətən daha stabil olub. Xüsusilə damlama suvarma sistemləri, aqronom nəzarəti və düzgün qulluq göstərilən təsərrüfatlar digər bölgələrlə müqayisədə daha az itki ilə üzləşib. Ənənəvi üsullarla idarə olunan təsərrüfatlarda isə zərərlərin daha yüksək olduğu müşahidə olunur".

O bildirib ki, eyni zamanda hava şəraitinə bağlı olaraq istehsal xərcləri də ciddi şəkildə artıb:

“Bu da kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərən əsas amillərdən biridir və qiymət artımını müəyyən qədər qaçılmaz edir. Bununla yanaşı, dəmyə şəraitində yetişən taxıl bitkilərində nisbətən daha stabil və yüksək məhsuldarlıq gözlənilir. Lakin çəyirdəkli meyvələrdə, xüsusilə şaftalı və nektarin kimi məhsullarda su balansının pozulması səbəbindən çatlama və göbələk xəstəlikləri kimi problemlər daha çox müşahidə olunur. Ümumilikdə, bu il məhsuldarlıq göstəriciləri həm regiondan, həm də tətbiq olunan aqrotexniki yanaşmalardan asılı olaraq fərqlənəcək. Müasir texnologiyaların tətbiq olunduğu təsərrüfatlarda nəticələrin daha yaxşı, ənənəvi üsullarla işləyən təsərrüfatlarda isə daha zəif olması gözlənilir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova