Kriminal Özəl

"Atam dedi, "işə get", mən də döydüm"

Atam dedi, işə get, mən də döydüm

Qusar rayonunda oğul atasına xəsarət yetirməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Çiləgir kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Babək həmin kənddə yerləşən evdə ailə-məişət zəminində baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə atası Vaqifin (adlar şərtidir – red.) sifətinə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Babəkin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü saat 17 radələrində evdə atası Vaqif ilə mübahisə edib və həmin vaxt yumruq zərbəsi ilə atasının sifət nahiyyəsinə vurub:

“Sonradan əməlimdən peşman oldum. Atam ilə barışmışam, mənə qarşı heç bir şikayəti yoxdur”.

Zərərçəkmiş Vaqifin sözlərinə görə, məlum hadisə günü oğlu Babək ilə işləməməsi ilə bağlı mübahisəsi olub: “Oğluma işləməməsi barədə irad bildirdim. Bu səbəbdən bizim mübahisəmiz yarandı. Həmin vaxt oğlum yumruqla sifət nahiyyəmə vurdu”.

Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti yoxdur.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova