Siyasət Özəl

Erməni xalqı sülh və və sabitliyə səs verdi — Deputat

Erməni xalqı sülh və və sabitliyə səs verdi — Deputat

"Seçkilərə birmənalı münasibət yoxdur. Bir çox xarici ölkələr bu seçkilərin baş tutmamasının, onun pozulmasının tərəfində idilər və heç cür Paşinyanı qəbul etmək fikrində deyildilər. Ona görə də müəyyən pozuntuların baş verməsi bu münasibətlərdən irəli gəlir, ancaq bu, seçkilərin ümumi nəticəsinə xələl gətirməməlidir"

Bunu Ermənistanda keçirilən seçkilər və həmin seçkilərdəki qayda pozuntularına qarşı münasibət barədə Demokrat.az-a açıqlamasında deputat Tahir Rzayev deyib.

O bildirib ki,xalq öz sözünü ortaya qoyub və gələcəyinə, Ermənistanın inkişafına, sülhün, əmin-amanlığın bərqərar edilməsinə səs verib.

"Ancaq, bu seçkilərin yüksək səviyyədə keçirilməsi və ali məqsədlərə xidmət etməsi hər kəsi düşündürür. Baş nazir Paşinyanın rəhbərlik etdiyi partiya və onun yürütdüyü siyasət bu gün Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə, Azərbaycanla, eləcə də Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə və sülh amilinə xidmət etdiyi üçün dəstəklənməlidir. Heç bir ölkədə seçkilər nöqsansız keçirilmir. Müəyyən çətinliklər ola bilər, ancaq bu pozuntular ümumi ab-havaya xələl gətirməməlidir, çünki seçkilərdə milyonlarla insan iştirak edir, onların davranışlarında, hərəkətlərində müəyyən nöqsanlar ola bilər və bu da təbii sayılmalıdır".

Deputat deyib ki, Paşinyanın keçirdiyi görüşlər, onun təqdimatı sülh, əmin-amanlıq, qarşılıqlı əməkdaşlıq şüarları Ermənistanın gələcək inkişafı üçün faydalı olduğu üçün insanların ona səs verməsi, onun rəhbərlik etdiyi partiyanı dəstəkləməsi təbiidir və qanunauyğundur.

"Ermənistan və erməni xalqı uzun illər millətçilərin populist çıxışlarından, onların əməllərindən ağır bəlalar çəkib, müharibəyə düçar edilib, əzilib və bu gün də həmin millətçilərin təsirindən uzaq olmaq üçün öz yolunu seçməli idi. Müxalifət, xüsusilə şovinist millətçilər yenidən hakimiyyətə gəlmək fikrində idilər. Başda Köçəryan olmaqla onlar bunun üçün bütün imkanlardan, eləcə də fırıldaqçılıqdan istifadə etmək məqsədini qarşıya qoymuşdular. İnsanları pulla ələ almaq, seçkilərə xələl gətirmək, onu pozmaq fikrini ortaya qoymuşdular və seçki günü erkən iki nəfər seçki komissiyasının sədrinin həbs olunması və bir nəfər əlavə üzvünün həbs olunması da bunu deməyə əsas verir. Ancaq Paşinyanın keçirdiyi yüksək səviyyəli görüşlər, təqdimatlar sözsüz ki, özünün bəhrəsini verməli idi. Bu gün ağıllı ermənilər sülhün, qonşuluq münasibətlərinin, ictimai-siyasi sabitliyin tərəfindədirlər və onların Paşinyana, onun partiyasına səs verməsi də çox düzgün və əhəmiyyətlidir.

Əlbəttə ki, seçkilərə birmənalı münasibət yoxdur. Bir çox xarici ölkələr bu seçkilərin baş tutmamasının, onun pozulmasının tərəfində idilər və heç cür Paşinyanı qəbul etmək fikrində deyildilər. Ona görə də müəyyən pozuntuların baş verməsi bu münasibətlərdən irəli gəlir, ancaq bu, seçkilərin ümumi nəticəsinə xələl gətirməməlidir. Çünki informasiya şəbəkələrində verilən məlumatlara görə, Ermənistanda seçkilər yüksək səviyyədə keçib. Müəyyən nöqsanların olmasına baxmayaraq, xalq öz sözünü ortaya qoyub və gələcəyinə, Ermənistanın inkişafına, sülhün, əmin-amanlığın bərqərar edilməsinə səs verib. Bu, bizim üçün də çox vacibdir. Çünki Ermənistan hakimiyyətinin yerində olması, sülhə, əmin-amanlığa dəstək verməsi Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi üçün vacibdir və gələcək inkişaf üçün çox faydalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova