İdman Özəl

"Qalatasaray" milli ulduzu 40 milyon avroya transfer etmək istəyir

Qalatasaray milli ulduzu 40 milyon avroya transfer etmək istəyir

"Qalatasaray" yeni mövsümdə tətbiq ediləcək 10+4 legioner oyunçu qaydası səbəbilə yerli futbolçulara xüsusi önəm verir və baş məşqçi Okan Burukun transfer siyahısında ilk sırada "Ayntraxt Frankfurt"da çıxış edən Can Uzun yer alır.

Demokrat.az xəbər verir ki, 2029-cu ilin iyun ayına qədər müqaviləsi olan və sözləşməsində 60 milyon avroluq sərbəstqalma maddəsi mövcud olan 20 yaşlı futbolçu üçün "Qalatasaray"ın hədəfi transferi 40 milyon avro civarında yekunlaşdırmaqdır.

Bundesliqa klubunda geridə qalan mövsümdə 28 oyunda meydana çıxan milli futbolçu 10 qol və 6 məhsuldar ötürmə ilə 16 qola birbaşa töhfə verib. O, bu qollardan birini "Qalatasaray"la oynanan Çempionlar Liqası matçında vurub. Gənc oyunçu Türkiyə millisinin Şimali Makedoniya ilə yoldaşlıq görüşündə də 1 qol və 1 assistlə fərqlənib.

Can Uzun 2019-cu ildə 14 yaşında "Nürnberq" akademiyasına qoşulub, 2023-cü ildə əsas komandaya yüksəlib və burada 32 oyunda 19 qol və 4 assistlik performans göstərib. 2024/25 mövsümü öncəsi 11 milyon avroya "Ayntraxt Frankfurt"a transfer olunan futbolçu, burada iki mövsümdə 59 oyunda 15 qol və 9 ötürməyə imza atıb.

Hazırkı bazar dəyəri 45 milyon avro olan oyunçunun müqaviləsində 60 milyon avroluq çıxış maddəsi yer alır. "Qalatasaray" isə bonuslarla birlikdə transferi maksimum 40 milyon avro civarında tamamlamağı planlaşdırır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova