Cəmiyyət Özəl

06.06.2026 tarixində bizi nə gözləyir? — AÇIQLAMA

06.06.2026 tarixində bizi nə gözləyir? — AÇIQLAMA

Son dövrlər sosial şəbəkələrdə və gündəlik müzakirələrdə 06.06.2026, 16.06.2026 və 26.06.2026 kimi rəqəmlərin təkrarı ilə diqqət çəkən tarixlər insanlarda xüsusi maraq doğurur. Bəzi insanlar bu cür uyğunluqları mistik və ya simvolik hesab edir, digərləri isə bunu sadəcə rəqəmsal təsadüf kimi qiymətləndirir. Xüsusilə numerologiya və inanclarla bağlı paylaşımlar bu tarixlərə marağı daha da artırır.

Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə Demokrat.az-a açıqlamasında deyib ki, rəqəmlərin xalq mədəniyyətində və inanclarında daşıdığı sakral məna ilə bağlıdır:

“Bu, məlum və qəbul olunmuş məsələdir. Məsələn, 3, 7 və 40 rəqəmlərinin müqəddəs sayılması artıq xalq düşüncəsində formalaşıb. Bu yalnız bizə aid deyil. Həm türk xalqlarında, həm də digər xalqlarda belə inanclar mövcuddur. Hətta bəzi rəqəmlərlə bağlı qorxu da yaranır. Məsələn, 13 rəqəmi ilə bağlı müxtəlif inanclar var. Deyirlər ki, bəzi ölkələrdə, o cümlədən İngiltərədə bu rəqəmdən istifadədən çəkinirlər, müəyyən yerlərdə onu qeyd etməməyə çalışırlar. Yəni belə inanclar tarixən formalaşıb. Ümumiyyətlə, rəqəmlərin insan həyatındakı rolu ilə bağlı iki fərqli yanaşma mövcuddur. Bir yanaşmaya görə, bəzi rəqəmlərin qəribə uyğunluqları olur və insan həyatında müəyyən rəqəmlər təkrar-təkrar qarşıya çıxır. Məsələn, insan müəyyən ildə doğulur və həmin rəqəmlər sonradan onun həyatında müxtəlif situasiyalarda yenidən görünür, işə qəbul günü, uğur qazandığı tarix və sair. Bu da insanlarda həmin rəqəmlərə qarşı xüsusi inam formalaşdırır. Amma məntiqi baxımdan rəqəmlər sadəcə rəqəmlərdir və təqvim ardıcıllığının bir hissəsidir. Məsələn, 26.06.2026 tarixindəki rəqəm uyğunluğu təbii xronoloji düzülüşdür. Əgər aylar və günlər başqa cür hesablansaydı, bu uyğunluq da yaranmayacaqdı. Ay 30-31 gündən ibarət olduğu üçün 26-sı da olacaq, 6-cı ay da olacaq və müəyyən tarixlərdə belə uyğunluqlar ortaya çıxacaq. Məsələn, 05.05.2025 tarixində də beş rəqəmlərinin düzülüşünü görürük. Amma bu, təbii və məntiqi bir ardıcıllıqdır”.

O bildirib ki, xalq düşüncəsində rəqəmlərlə bağlı müəyyən psixoloji yanaşmalar da var:

“Psixoanalitik baxımdan təhlil etdikdə görünür ki, insanların şüuraltında bəzi rəqəmlərlə bağlı qorxu və ehtiram hissi formalaşıb. Yəni bəzən rəqəmə göstərilən xüsusi hörmətin arxasında şüuraltı qorxu dayanır. İnsan müəyyən rəqəmə qarşı hörmətsizlik etməkdən çəkinir və nəticədə həmin rəqəmi xüsusi, müqəddəs hesab etməyə başlayır. Bu da zamanla xalq inanclarında özünü göstərir. Buna “kollektiv şüursuzluq” deyilir. Yəni əsrlər boyu nəsildən-nəslə ötürülən məlumat və davranışlar insanlar tərəfindən mexaniki şəkildə davam etdirilir. İnsan bəzən hansısa davranışı niyə etdiyini özü də bilmir. Sadəcə bu, ona əvvəlki nəsillərdən ötürülüb. Rəqəmlərlə bağlı inancların bir hissəsi də məhz bu kollektiv şüursuzluğun nəticəsidir. İnsanlar çox vaxt həmin rəqəmlərin həyatlarına real təsirini sorğulamırlar, sadəcə onların xüsusi məna daşıdığına inanırlar. Bundan əlavə, numerologiya və əbcəd hesabı kimi yanaşmalar da mövcuddur. Əbcəd əlifbasında hərflərin rəqəmsal qarşılığı hesablanır. Numerologiyada isə rəqəmlər müəyyən üsullarla toplanır, sıfırlar çıxılır və nəticələr əldə edilir. Bu istiqamətlərdə rəqəmlərə simvolik mənalar verilir. Mətnlərdə və xalq düşüncəsində də rəqəm simvolikası geniş şəkildə özünü göstərir. İnsanlar da bu səbəbdən rəqəmlərə müxtəlif mənalar və inanclar yükləyirlər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova