Maraqlı Özəl

Ağ paltarları 1 saata qar kimi etməyin asan üsulu

Ağ paltarları 1 saata qar kimi etməyin asan üsulu

Ağ paltarların zaman keçdikcə saralması və ya bozarması bir çox insanın qarşılaşdığı problemlərdən biridir.

Demokrat.az xəbər verir ki, təmizlik üzrə mütəxəssislər bunun qarşısını almaq üçün mətbəxdə hər evdə olan duz və limon suyunun ağ parçaların əvvəlki parlaqlığını bərpa etməyə kömək edə biləcəyini açıqlayıblar.

Məlumata görə, ağ köynəklərin, dəsmalların və digər geyimlərin rənginin dəyişməsinə yuyucu vasitələrin qalıqları, bədən yağları və digər geyimlərdən keçən boya hissəcikləri səbəb olur. Zamanla parça liflərinə hopan bu maddələr saralma və bozarmaya gətirib çıxarır.

Mütəxəssislər problemin həlli üçün adi xörək duzundan istifadə etməyi tövsiyə edirlər. Bunun üçün böyük qab soyuq su ilə doldurulur, üzərinə beş xörək qaşığı duz əlavə edilərək qarışdırılır. Rəngini itirmiş ağ paltarlar bu məhlulda ən azı bir saat saxlanılır. Çətin çıxan sarı ləkələr üçün isə duz az miqdarda su ilə qarışdırılaraq pasta halına gətirilir və birbaşa ləkənin üzərinə çəkilir. Təxminən 30 dəqiqə gözlədikdən sonra paltar adi qaydada yuyulur.

Ağ geyimlərin təmizlənməsində limon suyunun da faydalı olduğu bildirilir. Tərkibindəki limon turşusu təbii ağardıcı təsir göstərərək ləkələrin və saralmaların aradan qaldırılmasına kömək edir. Mütəxəssislər yuma zamanı yuyucu vasitə ilə birlikdə yarım stəkan limon suyu əlavə etməyi məsləhət görürlər. Lokal ləkələr üçün isə bir hissə limon suyu iki hissə su ilə qarışdırılaraq məhlul hazırlanır və paltar təxminən 10 dəqiqə bu qarışıqda saxlanıldıqdan sonra yuyulur.

Bundan əlavə, ağ paltarların qurudulması mərhələsinin də vacib olduğu vurğulanır. Paltarları quruducu maşında deyil, birbaşa günəş işığı altında qurutmaq onların daha ağ və parlaq görünməsinə kömək edir. Günəş şüalarının təbii ağardıcı təsiri nəticəsində ağ parçalar əlavə parlaqlıq qazanır. Bu üsullar məişət təcrübələrinə əsaslanır və nəticələr parçanın növünə, ləkənin xarakterinə görə fərqlənə bilər.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova