Cəmiyyət Özəl

Mənzilin köhnə sahibinin borclarını yeni alıcı ödəməlidir? — Ekspert açıqladı

Mənzilin köhnə sahibinin borclarını yeni alıcı ödəməlidir? — Ekspert açıqladı

Daşınmaz əmlak bazarında mənzil alqı-satqısı zamanı alıcıların ən çox narahat olduğu məsələlərdən biri əvvəlki sahibin üzərində qalan borcların sonradan yeni mülkiyyətçidən tələb olunub-olunmamasıdır. Xüsusilə kommunal xidmətlər, komendant ödənişləri, idarəetmə haqları və digər maliyyə öhdəlikləri ilə bağlı yaranan mübahisələr tərəflər arasında ciddi problemlərə səbəb ola bilir.

Bəs mənzilin əvvəlki sahibinə məxsus borclar yeni alıcıya keçir, yoxsa bu öhdəliklər köhnə mülkiyyətçinin üzərində qalır?

Mövzu ilə bağlı Demokrat.az-a danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, daşınmaz əmlakın alqı-satqısı zamanı borcların taleyi həm qanunvericiliyin tələbləri, həm də tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə müəyyən edilir.

Onun sözlərinə görə, əmlakın təhvil verildiyi tarixə qədər yaranmış öhdəliklər əsasən əvvəlki sahibin məsuliyyəti hesab olunur.

"Daşınmaz əmlakın alqı-satqısı həyata keçirilərkən, əmlakın təhvil verilməsinə qədər yaranmış borcların hansı tərəfin üzərində qalması müqavilə şərtləri və mövcud qanunvericiliklə tənzimlənir. Praktikada isə adətən satışa qədər formalaşmış kommunal və digər ödəniş borcları əvvəlki sahibin üzərinə aid edilir və yeni sahibə keçmir", – deyə ekspert bildirib.

Elnur Azadov qeyd edib ki, bu qayda çoxmənzilli yaşayış komplekslərində yaranan komendant və idarəetmə haqlarına da şamil olunur.

"Xüsusilə çoxmənzilli yaşayış komplekslərində idarəetmə və komendant xidmətlərinə görə yaranmış borclar da, bir qayda olaraq, əvvəlki mülkiyyətçi tərəfindən ödənilməlidir. Yeni sahib əmlakı əldə etdikdən sonra yaranan öhdəliklərə görə məsuliyyət daşıyır", – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, alıcılar gələcəkdə problem yaşamamaq üçün mənzili almamışdan əvvəl kommunal xidmətlər üzrə borcları, yaşayış komplekslərindəki idarəetmə ödənişlərini və digər mümkün maliyyə öhdəliklərini araşdırmalıdırlar.

"Alqı-satqı zamanı bütün borcların əvvəlcədən yoxlanılması və müqavilədə açıq şəkildə qeyd olunması vacibdir. Bu, sonradan yarana biləcək mübahisələrin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır", – deyə Elnur Azadov əlavə edib.

Qısası, mənzil alarkən yalnız əmlakın hüquqi statusunu deyil, həm də onunla bağlı bütün maliyyə öhdəliklərini yoxlamaq lazımdır. Bu məqsədlə kommunal qurumlardan arayışların alınması, idarəedici şirkətlə əlaqə saxlanılması və müqavilədə borclarla bağlı bəndlərin dəqiq göstərilməsi gələcək riskləri minimuma endirə bilər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova