Mütəxəssislərin bildirdiyinə görə, düzgün qidalanma qaydaları ilə kilo itkisini təxminən 40 faiz artırmaq mümkündür. Yemək saatlarını ritmik saxlamaq, gecə ac qalma müddətini tənzimləmək və düzgün axşam yeməyi planı metabolizmi yenidən “proqramlaşdırır”. Elmi məlumatlar göstərir ki, müntəzəm yemək aralıqları və düzgün qida seçimləri gözləniləndən daha sürətli arıqlama təmin edə bilər.
Demokrat.az xəbər verir ki, uzman diyetoloq Səlahəddin Dönməz bu strategiyaların yağ toxumasının azalmasını sürətləndirdiyini qeyd edib.
1. Yemək saatlarını sabit saxlayın
Səhər yeməyi, günorta və axşam yeməyi ilə ara yeməkləri hər gün eyni saatlarda qəbul edildikdə, orqanizm alınan kalori və qida maddələrini daha effektiv istifadə edir. Erkən səhər yeməyi, günün ortasında günorta yeməyi və erkən axşam yeməyi arıqlama üçün ideal hesab olunur.
2. Oxşar qidaları nizamlı şəkildə istehlak edin
Həftə ərzində oxşar menyudan istifadə etmək və yalnız həftədə bir dəfə menyunu dəyişmək tövsiyə olunur. Məsələn, bir həftə eyni səhər, günorta və axşam menyusunu saxlamaq metabolizmi yağ yandırma istiqamətində aktivləşdirə bilər.
3. Səhər yeməyini daha bol, axşam yeməyini yüngül edin
Səhər daha böyük porsiya, günorta orta, axşam isə yüngül qidalanma kilo itkisini sürətləndirir. Zülal miqdarının karbohidratlara nisbətən üstün olması arıqlama prosesini asanlaşdırır.
4. Gecə aclığı mühüm rol oynayır
Gecə aclığı yağ yandırma prosesində əhəmiyyətlidir. Yeməkdən sonra 8–12 saatlıq aclıq intervalı lipolizi aktivləşdirə bilər. Daha uzun aclıq müddətləri ilə bağlı elmi nəticələr isə hələ də müzakirəlidir.
5. İdman saatını sabitləşdirmək
Gəzinti və ya məşqlərin eyni saatda edilməsi enerji sərfiyyatını artırır və daha stabil arıqlama təmin edir. Araşdırmalar göstərir ki, orqanizm ritmik rejimə daha yaxşı uyğunlaşır.
6. Yemək zamanı su içmək
Yemək zamanı su içmək arıqlama prosesini dəstəkləyə bilər. Mədə-bağırsaq problemi olmayan şəxslərdə yeməklə birlikdə su içmək ümumilikdə təhlükəsiz sayılır.
7. Yeməklər arasında 4 saatlıq fasilə
Gündə 3 əsas və 1 ara yemək olmaqla, yeməklər arasında təxminən 4 saat fasilə saxlamaq yağ toxumasının azalmasına kömək edə bilər.
Axşam yeməyini necə planlamalıyıq?
Axşam yeməyinin vaxtı metabolizm baxımından ən vacib məqamlardan biridir. Gec saatlarda yemək orqanizmin bioloji ritmini poza bilər.
Axşam saatlarında qəbul edilən qidalar yüngül və balanslı olmalıdır. Bədən günün aktiv saatlarında qidanı daha yaxşı həzm edir və emal edir. Melatonin səviyyəsinin artdığı gecə saatlarında isə metabolizm yavaşlayır.
İnsan orqanizmi səhərdən axşama qədər dəyişən enerji ehtiyaclarına uyğun işləyir. Buna görə gün ərzində 3 əsas yemək (səhər, günorta və erkən axşam) daha uyğun hesab olunur. Gecə 10–12 saatlıq aclıq fasiləsi sağlam metabolizm üçün vacibdir.
Axşam yeməyi üçün ideal seçimlər zülal və liflə zəngin qidalardır: ət, toyuq, hinduşka, balıq, yumurta, yanında tərəvəzlər, yoqurt, paxlalılar və tam taxıllar. Fast food və şəkərli qidalar isə tövsiyə edilmir.
Yekunda, düzgün planlanmış qidalanma həm metabolik sağlamlığı dəstəkləyir, həm də çəki nəzarətini asanlaşdırır.
Jalə Demokrat.az


