Bakıda tıxacların qarşısını almaq üçün yeni strateji hərəkət dəhlizi yaradılır. Paytaxtda Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti istiqamətində yeni avtomobil yolunun çəkilməsi planlaşdırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Demokrat.az-a verilən məlumata görə, layihə paytaxt və ətraf qəsəbələrin yol infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində icra olunur.
Mehdiabad, Binəqədi və ətraf ərazilərdə əhalinin sürətlə artması mövcud yolların yüklənməsinə səbəb olub. Hazırda həmin istiqamətdən gələn sürücülər Binəqədi şosesi, Azadlıq və Bakı–Sumqayıt şoselərindən keçməyə məcbur qalırlar. Bu da xüsusilə Binəqədi şosesinin dar hissələrində və kəsişmələrdə hər gün böyük sıxlıq yaradır.
Yeni magistral Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq məhəllələri ilə birbaşa əlaqələndirəcək. Yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq mövcud şəbəkəyə qoşulacaq, Heydər Əliyev prospektinə qədər uzadılacaq. Gələcəkdə isə xəttin 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. Nəticədə nəqliyyat axını balanslaşacaq, Binəqədi – "20 Yanvar" – Ziya Bünyadov prospekti marşrutundakı gündəlik tıxaclar azalacaq.
Hazırda Azadlıq prospekti və Binəqədi şosesindən Binəqədi–Novxanı yoluna fasiləsiz çıxış yoxdur. Sürücülər ensiz və döngəli yollardan istifadə edirlər ki, bu da vaxt itkisinə səbəb olur. Yenidənqurmadan sonra bu problem aradan qalxacaq. Eyni zamanda yeni yolun layihəsində gələcəkdə tramvay xəttinin çəkilməsi üçün xüsusi zolaq ayrılacaq. Yeni tramvay xətti sərnişinlər üçün daha rahat alternativ marşrut rolunu oynayacaq.
Layihə istifadəyə verildikdən sonra hərəkət iştirakçılarının işi xeyli asanlaşacaq:
Sumqayıt və Xırdalan istiqamətindən "Nəriman Nərimanov" metro stansiyasına gedənlər "20 Yanvar" dairəsinə və şəhər mərkəzinə girmədən birbaşa Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə çıxa biləcəklər.
Masazırdan gələn nəqliyyat vasitələri yeni yolla "20 Yanvar" dairəsindən yan keçərək Əhmədli və Hövsan istiqamətinə hərəkət edəcəklər.
Pirşağı, Fatmayı və Mehdiabaddan şəhərin cənubuna yollananlar Binəqədi şosesinə daxil olmadan yeni dəhliz vasitəsilə hərəkət edəcəklər və beləliklə, Binəqədi şosesinin yükü yarıbayarı azalacaq.
Demokrat.az


