Bunu ilahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlamasında deyib.“Oğlan və qızın ailə qurmazdan əvvəl bir-birini tanıması təbii və zəruri prosesdir. Onların xasiyyətlərinə, düşüncə tərzinə və həyat baxışlarına yaxından bələd olmaları gələcək ailə həyatının uğurlu olması üçün vacib hesab edilir. Psixoloji baxımdan bu tanışlıq dövrünün müəyyən çərçivədə olması daha məqsədəuyğundur və təxminən 5 ay müddət kifayət hesab edilir. Bu müddət ərzində tərəflər bir-birini daha dərindən tanıyaraq evlilik barədə daha düzgün qərar verə bilərlər. Bu proses yalnız məsuliyyətli münasibət çərçivəsində olmalı, sadəcə keçici münasibət və ya flört xarakteri daşımamalıdır”.
O qeyd edib ki, İslam baxımından da tərəflərin bir-birini tanıması müəyyən qaydalar daxilində mümkündür:
“Qızın yaxın ailə üzvlərinin iştirakı ilə görüşlərin keçirilməsi və ya oğlanın öz qadın qohumları vasitəsilə qız haqqında daha geniş məlumat əldə etməsi kimi hallar şəriət çərçivəsində qəbul edilə bilər. Burada əsas şərt qızın hörmət və təhlükəsizliyinin qorunmasıdır. Lakin bu imkanların yanlış şəkildə şərh edilərək sərbəst münasibətlərin legitimləşdirilməsi düzgün hesab edilmir. Belə mövzuların ictimai müzakirəsində hər kəsin öz səlahiyyət sahəsi nəzərə alınmalıdır”.
O deyib ki, ailə, din və münasibətlər kimi mövzular üzrə əsas rəy verənlər mütəxəssislər psixoloqlar, sosioloqlar və dini bilik sahibləri olmalıdır:
“İncəsənət nümayəndələrinin bu mövzularda fikir bildirməsi isə bəzən düzgün anlaşılmayan müzakirələrə səbəb ola bilər. İncəsənət nümayəndələri başımız, gözümüz üstə, öz yerlərində, öz mövqeləri möhtərəmdir, amma durub ailə məsləhətləri vermələri nəyə əsasəndir? Ümumiyyətlə, belə insanlardan müsahibə alanlar niyə onların peşəsinə aid olmayan mövzular barədə müsahibə alırlar ki, bu problem üzə çıxsın? Hər kəsin öz işi var. Bundan başqa, sosial şəbəkələrin gənclərin tərbiyə və düşüncə sisteminə təsiri də xüsusi olaraq qeyd edilir. Bu təsirlər bəzən ailə institutuna mənfi nəticələr yaradır və gənclərin düzgün istiqamətlənməsini çətinləşdirir. Qərb ölkələrində tətbiq olunan ailə psixoloqu və ya ailə məsləhətçisi modelinə də toxunulur. Təklif edilir ki, hər ailənin və ya bir neçə ailənin ortaq məsləhətçisi olsun. Bu şəxs gənclərə düzgün istiqamət verməklə yanaşı, onların bir-birini daha sağlam şəkildə tanımasına, yanlış seçimlərin və sonradan yaranan boşanmaların qarşısının alınmasına kömək edə bilər”.
Qeyd edək ki, ailə dəyərləri və gənclərin evliliyə yanaşması ilə bağlı səsləndirilən fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. Xalq artisti Xalidə Quliyevanın gənclərin ailə qurmadan əvvəl bir müddət birlikdə yaşaması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sənətkar hesab edir ki, gənc oğlan və qız ailə qurmazdan əvvəl bir-birini daha yaxından tanımalı, müəyyən müddət eyni həyatı paylaşmalıdır. Onun sözlərinə görə, bu, gələcəkdə qurulacaq ailənin daha sağlam və davamlı olmasına kömək edə bilər.
Leyla Turan Demokrat.az


