Bakı-Tiflis qatar xəttinin bərpası Türkiyəyə səyahət xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Sərnişinlərin Tiflis vasitəsilə qonşu ölkəyə rahat keçid imkanı qazanması, faktiki olaraq Türkiyəyə quru yolunun açılması mənasına gəlir. Hazırda bu marşrutun Azərbaycan vətəndaşları üçün maliyyə baxımından nə dərəcədə sərfəli olacağı və turizm bazarına təsirləri əsas müzakirə mövzularındandır.
Demokrat.az xəbər verir ki, turizm eksperti Ceyhun Aşurov globalinfo.az-a açıqlamasında Bakı-Tiflis qatarının istifadəyə verilməsinin Türkiyəyə səfərləri müəyyən qədər ucuzlaşdıra biləcəyini təsdiqləyib.
“İstənilən halda dəmir yolu nəqliyyatının qiyməti hava yolu biletindən daha aşağı olur. Gürcüstana səfər edənlərin sayı da arta bilər. 2019-cu ildə təxminən 1 milyon 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Onların hamısı turizm məqsədli səfər etmirdi, bir qismi tranzit kimi Gürcüstan üzərindən digər ölkələrə gedirdi. Hazırkı vəziyyətdə də Tiflisdən Azərbaycana və əks istiqamətdə tranzit səfərlərin artacağı gözlənilir. Türkiyə vətəndaşları Gürcüstan üzərindən Azərbaycana, eləcə də Azərbaycan vətəndaşları bu marşrutla Türkiyəyə səfər edə bilərlər. Bu isə daha sərfəli imkanlar yaradır”, - o əlavə edib.
Ekspert qeyd edib ki, hazırda Gürcüstana gediş-gəliş təyyarə biletlərinin qiyməti təxminən 500–600 manat civarındadır:
“Türkiyə istiqamətində isə qiymətlər bir qədər yüksəkdir. Qatar xəttinin istifadəyə verilməsi bu xərcləri müəyyən qədər, hətta yarıyadək azalda bilər. Bu, turizmin aktivliyinə də təsir göstərəcək. Gözlənilir ki, daha çox Azərbaycan vətəndaşı Gürcüstana və oradan digər ölkələrə səfər edəcək. Eyni zamanda, bu proses əks istiqamətdə turist axınına da təsir göstərə bilər. Əsas amillərdən biri yerlərin kifayət qədər olması, biletlərin əlçatanlığı və rahatlığıdır. Bütün bunlar ümumi hərəkət intensivliyinə təsir edəcək”.
Demokrat.az


