Hava

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 18-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Yağıntılı və küləkli hava dalğası həm paytaxtda, həm də bölgələrdə özünü büruzə verəcək.

Paytaxtda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağıntıların intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı yüksəkdir. Güclü şimal-qərb küləyi bəzi saatlarda sürətini artıraraq saniyədə 13.9–20.7 metrədək yüksələcək. Hava şəraiti ilə bağlı Bakı üçün sarı xəbərdarlıq qüvvədə qalır.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti ayın ikinci ongünlüyünün sonunadək davam edəcək. Mayın 18-də bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi və şimşək çaxacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi ehtimal olunur.

Güclü yağıntılarla əlaqədar çaylarda sululuğun artması və bəzi dağ çaylarından qısamüddətli sel keçməsi gözlənilir. Dağlıq rayonlarda havanın temperaturu gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Küləkli hava şəraiti ilə bağlı Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy və Daşkəsən rayonlarında təhlükə səviyyəsi yüksək olaraq qalır. Bu bölgələrdə şimal-qərb küləyinin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək. Digər bölgələrdə isə sarı xəbərdarlığa uyğun olaraq saniyədə 20.7 metrədək külək əsəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enərək mülayim-sərin tempdə müşahidə olunacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova