Su və sanitariya xidmətləri dayanıqlı urbanizasiyanın əsas dayaqlarından biridir. Bu xidmətlərin əlçatanlığının artırılması həm insanların həyat keyfiyyətinin yüksəldilməsi, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Demokrat.azAZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Qlobal Su Operatorları Tərəfdaşlıqları Alyansının Assambleyasında (GWOPA) çıxışı zamanı deyib.
O bildirib ki, BMT-nin 2026-cı il Su Konfransı Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qlobal səylərin gücləndirilməsi üçün mühüm mərhələ olacaq.
“Hazırda dünyada mənzil, torpaq və əsas xidmətlərlə bağlı problemlər bir-biri ilə sıx bağlıdır. Təxminən 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır, 1 milyard insan isə gecəqondularda və qeyri-formal yaşayış məntəqələrində məskunlaşıb. Eyni zamanda, 2,1 milyard insan təhlükəsiz içməli suya, 3,4 milyard insan isə təhlükəsiz sanitariya xidmətlərinə çıxış imkanından məhrumdur”, - deyə icraçı direktor qeyd edib.
Anaklaudia Rossbax vurğulayıb ki, UN-Habitat təşkilatının yeni strategiyasında mənzil, torpaq və əsas xidmətlər prioritet istiqamətlər kimi müəyyən olunub: “Strategiyada su və sanitariya operatorlarının dayanıqlı şəhərləşmənin təməl elementlərindən biri kimi qiymətləndirildiyi diqqətə çatdırılıb”.
Demokrat.az


