Gündəm

İngiltərə universitetinin diqqətini çəkən sumqayıtlı

İngiltərə universitetinin diqqətini çəkən sumqayıtlı

Sumqayıtlı məktəblinin uğuru ölkə hüdudlarını aşaraq dünyanın ən nüfuzlu təhsil ocaqlarından birinə qədər uzanıb. Şəhərin 23 nömrəli tam orta məktəbinin 11A sinif şagirdi Tuncay Əmiraslanlı İngiltərənin məşhur Mançester Universitetinə qəbul olub.

Demokrat.az xəbər verir ki, azərbaycanlı gənc dünya reytinqində 35-ci yerdə qərarlaşan bu təhsil müəssisəsində “Aerokosmik mühəndisliyi” ixtisası üzrə təhsil alacaq. Tuncay Əmiraslanlının bu uğuru təsadüfi deyil. O, hələ 9-cu sinifdə buraxılış imtahanında mümkün 300 balın hamısını toplayaraq mütləq nəticə göstərib. 11-ci sinifdə isə bu göstəricisi 275 bal olub.

Gənc istedadın olimpiada göstəriciləri də olduqca zəngindir. O, müxtəlif illərdə fizika, məntiq və astronomiya üzrə keçirilən respublika olimpiadalarında dəfələrlə qızıl medallara layiq görülüb. Son iki ildə isə fizika fənni üzrə respublika səviyyəsində gümüş və bürünc medalları öz aktivinə yazdırıb.

İndi Tuncayın qarşısında kosmik texnologiyalar və mühəndislik sahəsində dünya elminə yiyələnmək üçün böyük imkanlar açılıb.

Demokrat.az

NE
Nihadə Eyyubova