Bakının Qaradağ rayonunda kafedə qadınlar arasında mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Lökbatan qəsəbəsində yerləşən “Borçalı” kafesində baş verib.
İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Ləman aşpaz işlədiyi kafenin mətbəx hissəsində olan zaman iş yoldaşı Süsən (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında yaranmış sözlü mübahisə zamanı əl zərbəsi Süsənin baş və boyun nahiyələrindən vurub, eləcə də saçından tutaraq yolub.
İş üzrə izahat verən Ləman bildirib ki, təxminən 3 ildir Lökbatan qəsəbəsində yerləşən “Borçalı” kafesində aşpaz kimi işləyir: “Məlum hadisə günü kafedə, işdə olduğum zaman Süsən adlı ofisiant işləyən qadın mənə yaxınlaşdı və müştərilərin gürcü xəngəli istədiyini bildirdi. Buna görə həmin məhsulu hazırladım və Süsənə verdim. Təxminən bir neçə dəqiqə keçdikdən sonra Süsən xəngəli geri gətirdi və dedi ki, müştərilər bəyənmədi. Həmin vaxt kafenin sahibi Nurəddin mətbəxə gəldi və buna görə mənə irad bildirdi. Daha sonra Nurəddin mətbəxdən çıxaraq getdi”.
Təqsirləndirilən şəxs deyib ki, həmin tarixdə, saat 17:00-da kafedə olduğu zaman Süsən kafenin mətbəx hissəsinə gəlib: “Həmin vaxt özüm əsəbləşdim və Süsənə nə üçün belə bir şeyi müdirin yanında deməsini irad kimi bildirdim. Həmin vaxt Süsən ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdim və Süsənin saçından tutaraq dartdım və baş, eləcə də boynundan əl zərbəsi vuraraq onu yerə yıxdım”.
İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, işdə olduğu zaman müştərilər ondan xəngəl istəyib: “Bu zaman kafedə aşpaz işləyən Ləman gürcü xəngəli hazırladı, mən həmin məhsulu müştərilərə apardım. Lakin müştərilər həmin xəngəli bəyənmədi və xəngəli geri qaytardılar. Buna görə də həmin xəngəli mətbəxə geri qaytardım. Xəngəli geri qaytaran zaman kafenin müdiri hadisəni bilərək mətbəxə gəldi, Ləmana dedi ki, işi bacarmırsan. Bundan sonra Ləman işdən çıxacağını deyərək mətbəxdən getdi”.
Zərərçəkmiş qeyd edib ki, həmin gün təxminən 17:00-da sonuncu iş günündə olan zaman Ləman ilə mübahisə edib: “Ləman “mənim işdən çıxmağıma səbəbkar sənsən, sənə görə belə oldu” – deyə bildirdi.
Buna görə Ləman ilə aramızda sözlü mübahisə yarandı. Həmin vaxt Ləman əl ilə boynuma zərbələr endirdi və saçımdan tutaraq dartdı. Bu zaman mən yerə yıxıldım. Yerdə olan zaman Ləman təkrarən mənə zərbələr endirdi”.
Zərərçəkmiş məhkəməyə ərizə təqdim edib. O, təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini bildirib. İfadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürdüyünü söyləyib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli Demokrat.az


