"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz Avropadan yeni transfer marağı ilə gündəmə gəlib. Daha əvvəl Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan futbolçu ilə bağlı bu dəfə ciddi Avropa iddiası ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, Avropa klublarının radarında olan Barış Alper Yılmaz üçün ən ciddi addımı Fransanın “Monako” klubu atıb. Məlumata görə, Fransa təmsilçisi 25 yaşlı futbolçunu ən yaxından izləyən və transferə ən çox maraq göstərən komandalardan biridir. Klubun skaut heyəti oyunçunun fiziki gücü, pressinq keyfiyyəti və çoxşaxəli oyun üslubunu xüsusi olaraq analiz edib.
“Monako”nun skautlarının hazırladığı hesabatda futbolçunun komandanın dominant oyun tərzinə uyğun profil olduğu qeyd edilib. “Qalatasaray” rəhbərliyi isə milli futbolçu üçün yüksək bonservis tələbindən geri çəkilmir və transfer üçün ciddi məbləğ gözləyir. Yay transfer dövründə bu keçidin diqqət çəkən mövzulardan biri olacağı bildirilir.
Bu mövsüm “Qalatasaray” forması ilə 48 oyuna çıxan Barış Alper Yılmaz həm qol, həm də məhsuldar ötürmə baxımından iki rəqəmli göstəriciyə çatıb. UEFA Çempionlar Liqasında 12 oyunda 1 qol və 2 asist edən futbolçu, Super Liqada isə daha yüksək performans göstərib.
O, liqada 29 oyunda 8 qol və 11 asistlə komandasının çempionluq mübarizəsinə ciddi töhfə verib. Futbolçunun hazırkı bazar dəyəri 26 milyon avro olaraq göstərilir. Lakin “Qalatasaray” rəhbərliyi 2028-ci ilə qədər müqaviləsi olan oyunçu üçün 50 milyon avrodan yuxarı bonservis gözləntisi saxlayır.
Jalə Demokrat.az


