Cəmiyyət Özəl

Körpələrə niyə o qidalar verilir? — Şirkətlərlə əməkdaşlıq edən klinikalar...

Körpələrə niyə o qidalar verilir? — Şirkətlərlə əməkdaşlıq edən klinikalar...

Yenidoğulmuşların qidalanması məsələsi son dövrlər daha çox müzakirə olunur. Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF açıq şəkildə bildirir ki, körpə doğulduğu ilk saatdan etibarən ana südü ilə qidalanmalı və ilk 6 ay yalnız ana südü əsas götürülməlidir. Lakin praktikada fərqli mənzərə ilə qarşılaşılır. Bəzi xəstəxanalarda yenidoğulmuşlara doğulan kimi süni qidalar təqdim olunur və diqqət çəkən məqam odur ki, çox vaxt bu qidalar həmin tibb müəssisələrinin əməkdaşlıq etdiyi konkret şirkətlərə məxsus olur. Bu vəziyyət ana südünün təşviqi məsələsini kölgədə qoyur və valideynlər arasında suallar yaradır.

Məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.

O deyib ki, sağlam körpəyə süni qida verilməsi tibbi baxımdan düzgün deyil:

“Bu, eyni zamanda anada laktasiyanın azalmasına səbəb ola bilər, əmizdirməyə mənfi təsir göstərə bilər. Süni qidalar yalnız xüsusi göstərişlər əsasında istifadə olunmalıdır. Bəs biz nə edə bilərik? Ana südünü artırmaq və qorumaq üçün nə etmək lazımdır? Təbii ki, ilk növbədə doğuş baş verdikdən sonra ilk bir saat ərzində mütləq əmizdirməyə başlamaq lazımdır. Bu, südün gəlməsini və davamlılığını artırır. Eyni zamanda, körpəni tez-tez əmizdirmək vacibdir. Yəni burada konkret saat anlayışı yoxdur, körpə istədiyi vaxt və istədiyi qədər qidalandırılmalıdır. Bundan əlavə, düzgün əmizdirmə texnikası çox önəmlidir. Əlavə qidadan maksimum uzaq durmaq lazımdır. Hətta ilk altı ay ərzində nəinki əlavə qida, eyni zamanda su belə verilməməlidir. Digər tərəfdən, ananın qidalanmasına və istirahətinə diqqət yetirilməlidir, stressi minimuma endirilməlidir. Xəstəxanalarda səhiyyə işçiləri ana ilə bağlı laktasiya barədə mütləq məlumat verməli, onu maarifləndirməlidir. Həmçinin maksimum dərəcədə süni qidadan və butulkadan uzaq durmaq tövsiyə olunur”.

Həkim əlavə edir ki, ana südünün miqdarını qorumaq üçün emosional sabitlik və düzgün qidalanma rejimi şərtdir. Tibb işçilərinin bu prosesdə analara dəstək verməsi, onları süni vasitələrdən uzaq tutması körpənin gələcək sağlamlığı üçün həlledici rol oynayır.

Qısası, körpənin ilk 6 ayda sağlam böyüməsi üçün ana südü əvəzedilməzdir və xüsusi tibbi zərurət olmadıqca digər qidalardan istifadə edilməməlidir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova