Bakıda gecəyarısı ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 3-də baş verib. İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Əmir həmin gün gecə saat 23 radələrində həyat yoldaşı Afaq (adlar şərtidir – red.) ilə mübahisə edib.
Mübahisə zamanı Əmir bir dələ əl zərbəsi ilə qəsdən arvadının sağ üz nahiyəsindən vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Əmirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əmir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, barəsində amnistiya aktının tətbiq edilməsini, cəzadan azad olunmasını xahiş edib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


