Cəmiyyət Özəl

Azərbaycanda istehsalat qəzaları 4 dəfə artdı: Ən çox ölüm bu sahədədir — AÇIQLAMA

Azərbaycanda istehsalat qəzaları 4 dəfə artdı: Ən çox ölüm bu sahədədir — AÇIQLAMA

Azərbaycanda istehsalatda və müəssisələrdə baş verən ölüm hadisələri zaman-zaman cəmiyyətdə narahatlıq doğurur. Xüsusilə bəzi hallarda hadisədən aylar keçsə də, istintaq prosesində konkret nəticə görünmür və zərərçəkən ailələr özlərini tək hiss edirlər. Müəssisələrin məsuliyyəti yalnız hüquqi deyil, həm də mənəvi tərəfdən qiymətləndirilməlidir. Xüsusilə azyaşlı övladları olan ailələr üçün bu cür itkilər uzunmüddətli psixoloji və maddi çətinliklər yaradır.

Son 20 ildə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin və ölənlərin sayı 4 dəfə artıb. İstehsalatda əmək qabiliyyətini itirənlərin və ölənlərin sayı 2005-ci ildə 189 nəfər olduğu halda, 2024-cü ildə 747 nəfərə yüksəlib. Ölüm halları ən çox tikintidə qeydə alınıb. İl ərzində baş verən ölümlərin 28,4%-i, yəni 25 nəfəri tikinti sahəsində baş verən bədbəxt hadisələr zamanı qeydə alınıb.

Hüquqşünas Fərhad Mehdiyev Demokrat.az-a açqılamasında deyib ki, istehsalatda baş vermiş bədbəxt hadisələr sırasında bəzi şəxslərin cinayət, bəzi şəxslərin isə cinayət və ya mülki məsuliyyəti yaranır:

“İşəgötürənin məsuliyyəti obyektiv tərzdə olan məsuliyyətdir və adətən mülki məsuliyyətdir. Zərərçəkənə ya da ailəsinə əslində lazım olan da mülki məsuliyyət mexanizminin işlədilməsidir. Halbuki cinayət işi üzrə istintaq gedəndə mülki məhkəməyə iddia daşınmır. Tövsiyyəm odur ki, belə halda bədbəxt hadisə ilə üzləşənlər vəkil vasitəsilə hərəkət etsinlər və maddi məsuliyyəti əsas götürməklə iddia qaldırsınlar”.

Hüquqşünas əlavə olaraq qeyd edib ki, vaxtında qaldırılan mülki iddia zərərin daha operativ şəkildə ödənilməsinə imkan yaradır:

“Bu zaman sübutların düzgün toplanması və hadisənin hüquqi tərəfinin əsaslandırılması xüsusi əhəmiyyət daşıyır. İşəgötürənin sığorta öhdəlikləri də araşdırılmalı və mümkün kompensasiya mənbələri müəyyənləşdirilməlidir. Bu yanaşma zərərçəkən şəxsin hüquqlarının daha effektiv qorunmasına xidmət edir”.

Fərhad Mehdiyev vurğulayıb ki, vaxtında qaldırılan mülki iddia zərərin daha sürətli ödənilməsinə yol açır. Bu prosesdə sübutların toplanması və işəgötürənin sığorta öhdəliklərinin araşdırılması mütləqdir. Çünki kompensasiya mənbələrinin müəyyənləşdirilməsi zərərçəkənin hüquqlarını daha effektiv qoruyur.

Xüsusilə azyaşlı uşaqları olan ailələr üçün bu cür itkilər həm psixoloji, həm də iqtisadi baxımdan böyük zərbədir. İstintaqın aylarla uzanması ailələrin ədalətə olan ümidini azaldır. Yəni, iş yerində qəza nəticəsində dünyasını dəyişən şəxslərin ailələri təkcə cinayət işinin nəticəsini gözləməməli, maddi təzminat üçün dərhal mülki məhkəməyə müraciət etməlidirlər.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova