TƏBİB-in tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin edilib.
Demokrat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Yeni təyinatlara əsasən, bir neçə aparıcı xəstəxananın rəhbər heyətində dəyişikliklər həyata keçirilib.
Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Zəhra Şamil qızı Vəzirova Yeni Klinikaya direktor təyin olunub.
O, uzun illər reanimasiya və intensiv terapiya sahəsində çalışıb, Mərkəzi Neftçilər Xəstəxanası və Milli Onkologiya Mərkəzində rəhbər vəzifələrdə olub. Eyni zamanda beynəlxalq simulyasiya təhsili və anesteziologiya-reanimatologiya sahəsində elmi və təşkilati fəaliyyətlə məşğul olub.
Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Zaur Bəhmən oğlu Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasının direktoru təyin edilib.
O, uzun illər cərrahiyyə sahəsində çalışıb, orqan transplantasiyası əməliyyatlarını icra edən mütəxəssislərdən biri kimi tanınır. Bundan əvvəl Mərkəzi Klinik Xəstəxanada müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Təcrübəli cərrah Hacı Məhəmmədoviç Lətifov Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib.
O, uzun illər cərrah kimi fəaliyyət göstərib, həm ölkə daxilində, həm də xaricdə müxtəlif ixtisasartırma proqramlarında iştirak edib. Son illərdə isə xəstəxana idarəetməsi və cərrahi xidmətlər üzrə rəhbər vəzifələrdə çalışıb.
Əməkdar həkim Musa Qara oğlu Abbasov Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsinə təyin olunub.
O, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə xəstəxana idarəetməsi sahəsində təcrübəyə malikdir. İkinci Qarabağ müharibəsi zamanı tibbi xidmətlərin təşkili prosesində də aktiv iştirak edib.






