Bakıda və Abşeron yarımadasında aprelin 29-da buludlu hava şəraiti hökm sürəcək, şəhərin bəzi hissələrində yağışın intensivləşəcəyi gözlənilir.
Demokrat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Paytaxtda səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, yarımadanın ayrı-ayrı nöqtələrində isə prosesin qısamüddətli güclənəcəyi ehtimal olunur. Gündüz saatlarında mülayim şimal-qərb küləyi arabir sürətlənəcək. Havanın temperaturu gecə 8-11, gündüz isə 12-15 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normal səviyyədə, 763 mm civə sütunu olacaq, rütubət isə 60-70 faiz arasında dəyişəcək.
Azərbaycanın bölgələrində də qeyri-sabit hava şəraiti davam edəcək. Bir çox rayonlarda yağıntı gözlənilir, bəzi yerlərdə şimşək çaxacağı və dolu düşəcəyi bildirilir. Dağlıq ərazilərdə isə yağışın qar ilə əvəzlənəcəyi ehtimalı var. Axşama doğru əksər bölgələrdə yağıntılar tədricən kəsiləcək. Regionlarda havanın temperaturu gündüz 15-20 dərəcə isti, dağlarda isə 7-12 dərəcə isti olacaq.
Demokrat.az


