Tovuz rayonunda 36 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində baş verib. 1990-cı il təvəllüdlü Təvəkkül həmkəndlisi Valeh (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı əli ilə Valehin sifətindən vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs yazılı ərizə təqdim edib və təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxs qarşı şikayəti olmadığını bildirib.
Təqsirləndirilən şəxs də məhkəməyə yazılı ərizə təqdim edib. O, zərərçəkmiş şəxslə barışdığından Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


