İngiltərə Premyer Liqa təmsilçisi “Mançester Yunayted” “Beşiktaş”da çıxış edən milli futbolçu Orkun Kökçü üçün mövsümün sonunda böyük məbləğdə transfer təklifi etməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, mövsümün əvvəlində “Beşiktaş”a qoşulan yarımmüdafiəçi qısa müddətdə Avropa klublarının diqqətini cəlb edib. Ən ciddi marağın isə İngiltərədən gəldiyi bildirilir.
İngilis mətbuatında yer alan xəbərlərə əsasən, “Mançester Yunayted” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır və Orkun Kökçünü əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Klubda Kasemiro ilə yolların ayrılması ehtimalı və Uqarte ilə bağlı qeyri-müəyyənlik fonunda türk futbolçu prioritet siyahının yuxarı sıralarında yer alır.
Mənbələr bildirir ki, “Mançester Yunayted” oyunçu üçün təxminən 60 milyon avro ödəməyə hazırdır. Daha əvvəl yayılan məlumatlarda “Beşiktaş” rəhbərliyinin də oxşar məbləğ gözlədiyi qeyd olunmuşdu.
Bu transferin baş tutacağı halda, Orkun Kökçü Türkiyə Super Liqa tarixinin ən bahalı satışı kimi qeydə alına bilər.
26 yaşlı futbolçu cari mövsümdə “Beşiktaş” forması ilə 36 oyunda 9 qol və 9 məhsuldar ötürmə ilə ümumilikdə 18 qola birbaşa töhfə verib.
Jalə Demokrat.az


