Aprel ayının sonuna yaxınlaşsaq da, havaların hələ də qeyri-sabit keçməsi insanların gündəlik həyatına təsir edir. Qışda qarın az yağması, yazda isə soyuqların davam etməsi fəsillərarası balansın pozulduğu təəssüratını yaradır.
Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, aprel ayı hazırda bahar havası ilə davam edir:
“Daxil olan soyuq hava kütlələri havanı müəyyən qədər sərinləşdirsə də, şaxtalı hava müşahidə olunmur. Havanın temperaturu 10-18 dərəcə arasında dəyişir. Bu, demək olar ki, hər zaman belə olub. Sadəcə, iqlim dəyişikliklərinin təsiri ilə bəzən havanın fəsilə uyğun olmayan şəkildə dəyişdiyini müşahidə edirik. Qış aylarında qarın az yağması hər il təkrarlanan hal deyil. Ümumilikdə yağıntılar olur. Məsələn, bu il qar qənaətbəxş səviyyədə idi. Lakin yay aylarının daha isti keçməsi nəticəsində əsas su ehtiyatlarımızdan sayılan daimi buzlaqların sahəsi getdikcə kiçilir. Bütün bunlar iqlim dəyişikliyinin insanlara verdiyi bir növ “sarı kart”dır. Ümid edək ki, təbiət bizə ətraf mühitə vurduğumuz zərərə görə “qırmızı kart” göstərməz”.
Həmçinin oxu: “Bilmirdim, xəbərim yox idi” kimi bəhanələr işə yaramayacaq' — Etibarnamə versəniz, cərimə sizə gələcək 'Bu maşını almayın, peşman olacaqsınız' 'Martın 10-u sağlam qadın kimi yatdım, səhəri gün xərçəng diaqnozu qoyuldu'
O bildirib ki, iqlim dəyişikliyinin əsas səbəbkarı məhz insanın özüdür:
“Meşələr qırılır, yaşıllıqlar məhv edilir, Bakı kimi minlərlə şəhər sürətli betonlaşma ilə iqlim dəyişikliyinə və qlobal istiləşməyə töhfə verir. Digər tərəfdən, ağır sənaye və kömürdən həddindən artıq istifadə atmosferdə karbon dioksidin miqdarını artırır. Nəticədə, havanın isinməsi, günəş şüalarının yer səthində daha çox qalması və buxarlanmanın artması quraqlığa səbəb olur. Hazırda isə yerləşdiyimiz mülayim subtropik qurşaqda bahar fəsli davam edir və qarşıda bizi isti yay günləri gözləyir. İnsanlar rahat olsunlar, eyni zamanda sağlamlıqlarına da diqqət yetirsinlər. Nə qədər ki, betonlaşma dayandırılmayacaq, yaşıllıqlar qorunmayacaq və ekoloji mədəniyyətimiz inkişaf etməyəcək, bu proses davam edəcək”.
Leyla Turan Demokrat.az


