Gündəm

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? — RƏSMİ CAVAB

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? — RƏSMİ CAVAB

Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində - "Betonzavod" adlanan ərazidə yaşayan sakin iddia edir ki, yaxınlıqda aparılan tikinti işləri onun və daha bir neçə nəfərin evinə ziyan vurub.

Şikayətçi Səbuhi Həsənovun sözlərinə görə, təxminən 4 ay əvvəl sözügedən məkanda yeni obyektin inşasına başlanılıb və bundan sonra evlərdə çatlar yaranıb:

"Ərazidə güclü axıntı baş verdi və bir neçə evə ciddi ziyan dəydi. Ən böyük zərər isə mənim evimə vurulub. Otaqlar bir-birindən aralanıb, hamısında çatlar əmələ gəlib".

Baku TV-nin xəbərinə görə, tikinti aparan tərəf isə iddialarla razılaşmır. Bildirilir ki, obyektlə yaşayış evləri arasında kifayət qədər məsafə var və çatların yaranması tikinti ilə bağlı deyil.

"Bu iddialar qeyri-realdır. Bir neçə dəfə mütəxəssislər baxış keçirib. Evlər bataqlıq zonada və tikinti normalarına uyğun olmayan şəkildə inşa edildiyi üçün çatlayıb. Tikilən obyektlə həmin ev arasında təxminən 40 metr məsafə var", - deyə tikinti şirkətinin nümayəndəsi Vasif İsmayılov qeyd edib.

Demokrat.az

NE
Nihadə Eyyubova