Gündəm

"Yeni Klinika"nın yeni rəhbəri kimdir? — DOSYE

Yeni Klinikanın yeni rəhbəri kimdir? — DOSYE

Ölkənin ən böyük tibb ocaqlarından biri olan "Yeni Klinika"nın rəhbərliyində mühüm kadr dəyişikliyi reallaşıb. Uzun müddətdir bu məsuliyyətli postu tutan Barat Yusubov vəzifəsindən kənarlaşdırılıb.

Demokrat.az xəbər verir ki, müəssisənin direktoru vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Qalib İmanov gətirilib. O, bu təyinata qədər həmin klinikada direktor müavini və Ürək-damar mərkəzinin rəhbəri kimi fəaliyyət göstərirdi. TƏBİB-in yaxın saatlarda mövzu ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

Qalib İmanov 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində doğulub. Orta təhsilini Zaqatalada fərqlənmə ilə başa vurduqdan sonra Azərbaycan Tibb Universitetində ali təhsil alıb. 1999-cu ildə anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçən həkim, 2012-ci ildə elmi dərəcəsini qazanıb və 50-dən çox elmi məqalə dərc etdirib.

Təcrübəli kardioloqun peşəkar fəaliyyəti kifayət qədər zəngindir. O, Ukrayna və Türkiyədə pediatrik kardiologiya və invaziv kardiologiya üzrə ixtisaslaşıb. Karyerası ərzində Mərkəzi Klinik Xəstəxanada, Mərkəzi Gömrük Hospitalında və ATU Tədris Cərrahiyyə Klinikasında şöbə müdiri kimi çalışıb.

Qalib İmanov kardiologiya sahəsində mürəkkəb əməliyyatların icrası ilə tanınır. Bura anadanqalma ürək qüsurlarının qapalı üsulla müalicəsi, kardiostimulyatorların quraşdırılması və koronar angioqrafiya kimi ağır prosedurlar daxildir.

Demokrat.az

NE
Nihadə Eyyubova