Rusiya istehsalı olan bitki tərkibli spred yağlarının ölkəyə gətirilməsinin qarşısı alınıb. İdxal edilən məhsulların keyfiyyət göstəriciləri standartlara cavab verməyib.
Demokrat.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlamalar zamanı "Jirovoy Kombinat" müəssisəsinin istehsal etdiyi məhsullarda ciddi qüsurlar aşkarlanıb. Ölkəyə gətirilən "Şedroye Leto" əmtəə nişanlı spred yağlarından nümunələr götürülərək laboratoriyada müayinə edilib. 19 ton çəkisi olan 82.5 faizli yağ partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən qlisidil yağ turşusu efirləri və "3-MCPD" maddəsinin miqdarı normadan artıq çıxıb.
Bu uyğunsuzluq istehsal tarixi 24.01.2026, son istifadə müddəti isə 21.09.2026 olan məhsullara aiddir. Agentlik tərəfindən dərhal qanunauyğun tədbirlər görülüb. Təhlükəli yağların satışa çıxarılmasının qarşısını almaq məqsədilə həmin partiyanın utilizasiya olunması, məhv edilməsi və ya ölkə hüdudlarından kənara çıxarılması barədə qəti qərar verilib.
Yəni Rusiya zavodunda hazırlanan və Bakıya gətirilən 19 ton "Şedroye Leto" yağının tərkibində zərərli maddələr tapıldığı üçün həmin partiya satışdan kənarlaşdırılıb.





