Milli Hidrometeorologiya Xidməti həm paytaxt Bakıda, həm də bölgələrdə hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlığını edib. Yaxın günlərdə ölkə ərazisində güclü külək, dağlıq rayonlarda isə intensiv yağıntı və sel təhlükəsi gözlənilir.
Demokrat.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək. Bir çox rayonlarda küləyin sürətinin saniyədə 20.7 metrə çatacağı gözlənildiyindən "sarı" xəbərdarlıq elan olunub.
Lakin bəzi ərazilərdə küləyin sürəti daha təhlükəli həddə – saniyədə 28.4 metrə qədər yüksələ bilər ki, bu da "narıncı" xəbərdarlıq səviyyəsi deməkdir.
Dağlıq və dağətəyi bölgələrdə isə aprelin 19-dan etibarən yağıntılı hava şəraiti hökm sürəcək. Sinoptiklərin proqnozuna görə, qısamüddətli lakin intensiv yağışlar şimşək çaxması və dolu ilə müşayiət olunacaq. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bu cür hava şəraiti aprelin 21-i gündüz saatlarına qədər davam edəcək.
Hava şəraitinin pisləşməsi dağ çaylarında suyun səviyyəsinin artmasına və qısamüddətli sellərin yaranmasına səbəb ola bilər. Əhaliyə açıq sahələrdə və nəqliyyatda hərəkət edərkən maksimum ehtiyatlı olmaq tövsiyə edilir.
Demokrat.az


