Hava

Bu gün Bakıya dolu yağacaq? — AÇIQLAMA

Bu gün Bakıya dolu yağacaq? — AÇIQLAMA

Azərbaycanda dolunun düşməsi qısamüddətli, lokal xarakterli və qəfil yaranan atmosfer hadisəsi hesab olunur. Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu təbiət hadisəsi ölkəmizdə daha çox dağlıq və dağətəyi rayonlar üçün səciyyəvidir. Paytaxtda isə belə hallara nadir hallarda rast gəlinir.

"Abşeron yarımadasında isə dolu prosesləri nadir hallarda baş verir və adətən qısamüddətli olur. Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur. Bəzi illərdə bu proses may-iyun aylarında da qeydə alınır" deyə Gülşad Məmmədova vurğulayıb.

Aprelin 16-sı və 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bölgələrdə də əsasən yağıntı gözlənilməsə də, gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Dağlıq rayonlarda isə qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.

"Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntıların olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək", - deyə büro rəhbəri əlavə edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında paytaxtın bir neçə hissəsinə güclü dolu düşüb.

Demokrat.az

NE
Nihadə Eyyubova