Güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyevin hərbi rütbəsi artırılıb. İdmançıya mayor rütbəsi verilib.
Demokrat.az xəbər verir ki, bu barədə tanınmış güləşçi özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. O qeyd edib ki, yeni rütbəni ona Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev təqdim edib. Hacı Əliyev bu günü həyatının unudulmaz anlarından biri kimi dəyərləndirib və göstərilən etimadın onun üçün böyük şərəf olduğunu vurğulayıb.

Dördqat Avropa və üçqat dünya çempionu olan idmançı bildirib: “Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.
Qeyd edək ki, Hacı Əliyev həm də olimpiya oyunlarının mükafatçısıdır və uzun müddətdir DSX-nin əməkdaşı kimi fəaliyyət göstərir.
Demokrat.az


