Hava

Sabah Bakıda leysan olacaq

Sabah Bakıda leysan olacaq

Sabah ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, aprelin 4-də bəzi bölgələrdə intensiv yağış və güclü külək gözlənilir.

Demokrat.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında səhər saatlarından başlayaraq yağış yağacağı proqnozlaşdırılır. Paytaxtın bəzi ərazilərində yağıntının daha güclü olacağı və şimşək çaxacağı ehtimal edilir. Gündüz saatlarında şimal-qərb küləyi arabir güclənəcək. Yarımadada temperaturun gündüz 16 dərəcəyə qədər yüksələcəyi bildirilir.

Ölkənin rayonlarında isə qərbdən başlayaraq hava şəraiti yağıntılı keçəcək. Şərq rayonlarında yağışın güclü olacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı da var. Qərb küləyinin sürəti bəzi bölgələrdə artacaq. Dağlarda temperaturun gündüz saatlarında belə şaxtalı olacağı vurğulanır.

Havanın temperaturu rayonlarda gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova