Elektron siqaret istifadəçiləri üçün yeni məhdudiyyətlər qüvvəyə minsə də, qanunvericilikdəki bəzi məqamlar həm istehlakçılar, həm də nəzarətedici qurumlar tərəfindən fərqli yozulur.
Azad İstehlakçılar İctimai Birliyi yaranmış bu qarışıqlığa aydınlıq gətirmək üçün rəsmi bəyanat yayıb.
2026-cı ilin 1 aprel tarixindən etibarən ölkədə elektron siqaretlərin idxalı, istehsalı və satışı ilə yanaşı ictimai yerlərdə istifadəsi də qadağan edilib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən küçələrdə və digər qadağan olunmuş məkanlarda bu cihazlardan istifadə edənləri 30 manat məbləğində cərimə gözləyir. Lakin quruma daxil olan müraciətlər göstərir ki, tətbiq edilən qadağaların hansı məhsullara şamil olunduğu barədə ciddi informasiya boşluğu var.
Birlik sədri Eyyub Hüseynov bildirib ki, qanunvericilikdə elektron siqaretlər və qızdırılan tütün məmulatları iki fərqli kateqoriya kimi müəyyən edilib. Mövcud qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur. Bu o deməkdir ki, tütün qarışığının yandırılmadan qızdırılması prinsipi ilə işləyən cihazların istifadəsi qanunla qadağan edilməyib.
Təşkilata daxil olan şikayətlər arasında qızdırılan tütün məmulatlarından istifadə edənlərin polis tərəfindən yanlışlıqla cərimələnməsi halları da yer alır. Eyyub Hüseynov vurğulayır ki, qızdırılan tütün məmulatları elektron siqaret hesab edilmir. Buna görə də qanunla tütün çəkilməsi qadağan olunmayan yerlərdə həmin vasitələrdən istifadə hər hansı hüquqi məsuliyyət yaratmır. Ekspert həm istehlakçıları, həm də icraçı qurumları qanunvericilikdəki bu fərqləri nəzərə almağa çağırıb.
Azad İstehlakçılar İctimai Birliyinin sədriEyyub Hüseynov, Demokrat.az


