Hər gün müntəzəm olaraq 20 dəfə turnikdə dartınmaq insan bədənində həm fiziki, həm də bioloji baxımdan ciddi dəyişikliklərə yol açır. Bu vərdiş ilk növbədə yuxarı ətrafların və kürək nahiyəsinin əzələ strukturunu yenidən formalaşdırır.
İdmanla peşəkar məşğul olmayan şəxslər üçün bu say bədəni tonusda saxlamaq üçün optimal hədd hesab olunur.
Məşq zamanı bədən çəkisi ilə işləmək qan dövranını sürətləndirərək ürəyin işini yaxşılaşdırır. Daimi təkrarlar nəticəsində kürək əzələləri güclənir və bu onurğa sütununa düşən yükü azaldır. Nəticədə müasir dövrün ən böyük problemlərindən olan duruş pozğunluğu və qozbellik aradan qalxır.
Bu sadə hərəkət həm də maddələr mübadiləsini aktivləşdirir. Birdən çox əzələ qrupu eyni anda aktivləşdiyi üçün bədən daha effektiv enerji sərf edir. Dartınma hərəkətləri eyni zamanda fəqərələrarası diskləri sıxılmadan xilas edərək onurğanın elastikliyini artırır.
Lakin nəticə əldə etmək üçün hərəkətlərin texniki cəhətdən düzgün icrası mütləqdir. Yanlış hərəkətlər çiyin oynaqlarında zədələnmə riskini artırır. Bu vərdişə yeni başlayanların 20 təkrarı bir neçə hissəyə bölərək icra etməsi daha səmərəli sayılır. Hazırda bir çox insan bahalı idman zallarına getmək əvəzinə bu növ bədən çəkisi məşqlərinə üstünlük verir.
Demokrat.az


