Hava

Yağıntılarla bağlı hidrometeorologiya xidmətindən son dəqiqə açıqlaması

Yağıntılarla bağlı hidrometeorologiya xidmətindən son dəqiqə açıqlaması

Paytaxt və Abşeron yarımadasında son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti rekord göstəricilərlə nəticələnib. Milli Hidrometeorologiya Xidmətinin martın 28-i saat 11:00-a olan məlumatına görə, Bakıda düşən yağıntının miqdarı 104 millimetrə çatıb.

Bu rəqəm aylıq normanın 440 faizini təşkil edir. Başqa sözlə desək, şəhərə bir ayda yağmalı olan yağışdan 4 dəfədən də çox su düşüb.

Ölkənin digər bölgələrində də analoji vəziyyət hökm sürür. Kürdəmirdə yağıntı normanı iki dəfə, Xaçmazda isə iki yarım dəfə üstələyib. Dağlıq rayonlarda proses qar yağışı ilə müşayiət olunur. Xınalıq, Şahdağ və Qrız kimi yüksək dağlıq ərazilərdə yağıntının miqdarı artıq aylıq normanı geridə qoyub. Qrızda qarın hündürlüyü 17 santimetr, Şahdağda isə yarım metrə yaxın qeydə alınıb.

Güclü yağış və qar fonunda külək də sürətini artırıb. Şimal-qərb küləyi Daşkəsən, Şahdağ və Qubanın bəzi ərazilərində saniyədə 20 metrə qədər sürətlənib. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 18 metr olub. Hazırda ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir.

Demokrat.az

NE
Nihadə Eyyubova