Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntıların bəzi yerlərdə intensiv olacağı ehtimal edilir.
Yarımadanın ayrı-ayrı ərazilərində gözlənilən qısamüddətli güclü yağışlarla bağlı xüsusi xəbərdarlıq edilib. Bildirilib ki, bəzi yerlərdə subasma halları istisna olunmur. Paytaxtda mülayim şimal-qərb küləyi əsəcək və arabir güclənəcək. Havanın temperaturu gecə 7-9°, gündüz isə 11-13° isti təşkil edəcək. Nisbi rütubətin 90-95 faizə qədər yüksələcəyi bildirilir.
Rayonlarda da bənzər hava şəraiti müşahidə olunacaq. Bəzi bölgələrdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Sinoptiklər şimşək çaxacağı və dolu düşəcəyi ehtimalını da qeyd ediblər. Bölgələrdə temperatur gündüz saatlarında 12-16°, dağlarda isə 3-5° isti olacaq. Gecə və səhər saatlarında duman gözlənilir.
Demokrat.az


