Azərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 26-da paytaxt və bölgələrdə hava dəyişkən xarakter daşıyacaq.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Səhər saatlarında duman müşahidə oluna bilər. Şimal-qərb küləyi gün ərzində istiqamətini dəyişərək cənub-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 7–9 dərəcə isti, gündüz 12–17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə 80–90 faiz səviyyəsində proqnozlaşdırılır.
Rayonlarda hava bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcək. Gecə və axşam saatlarında yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər və gecə bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 7–11 dərəcə isti, gündüz 15–20 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0–5 dərəcə isti, gündüz 7–12 dərəcə isti təşkil edəcək.
Demokrat.az


