Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən süni intellekt vasitəsilə başqasının səsini və ya görüntüsünü saxtalaşdırıb yayanlar məsuliyyətə cəlb olunacaqlar. Təklif edilən dəyişikliklərdə bu növ saxta materialları hazırlayan və internet resurslarında paylaşan şəxslər üçün konkret cərimə və həbs müddətləri nəzərdə tutulur.
Demokrat.az-ın məlumatına görə qanun pozuntusuna yol verən şəxslər 3 min manatdan 7 min manatadək cərimə edilə bilər. Bundan əlavə məhkəmə qərarı ilə 480 saatadək ictimai işlər və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Əgər bu əməl bir qrup şəxs tərəfindən qabaqcadan planlaşdırılsa və ya konkret şəxsin nüfuzunu ləkələmək məqsədi daşıyırsa cəza daha da ağırlaşacaq. Belə hallarda günahkar şəxsləri 5 ilədək həbs gözləyir.
Süni intellektlə pornoqrafik və ya seksual məzmunlu saxta videolar hazırlayıb yayanlar üçün isə daha sərt sanksiyalar müəyyən edilib. Layihəyə görə bu cür görüntüləri kütləvi şəkildə paylaşanlar 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən bu dəyişikliklər rəqəmsal dünyada vətəndaşların hüquqlarını qorumağı hədəfləyir.
Demokrat.az


