Gündəm

Nazirlik Nərmin Qaralovanı cərimələdi — İşçiləri qanunsuz işdən çıxarıb

Nazirlik Nərmin Qaralovanı cərimələdi — İşçiləri qanunsuz işdən çıxarıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin direktoru Nərmin Qaralova cərimələnib.

Demokrat.az "Qaynarinfo" ya istinadən bildirir ki, cərimə protokolu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti sorğumuza cavab olaraq bildirilib ki, aparılmış araşdırma zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar olunub.

Bununla əlaqədar kollecin vəzifəli şəxsi Qaralova Nərmin Ziyadxan qızı barəsində inzibati cərimə tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilib.

Qərar qanuni qüvvəyə mindikdən sonra inzibati cərimənin ödənilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Cərimənin könüllü qaydada ödənilmədiyi nəzərə alınaraq, İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə əsasən qərarın icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət olunub və icra tədbirləri başlanılıb. Həyata keçirilmiş icra tədbirləri nəticəsində cərimə məbləği tam şəkildə ödənilib.

Qeyd edək ki, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati məsuliyyət nəzərdə tutulur və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu kimi halların qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, 1982-ci il təvəllüdlü Nərmin Qaralova 2020-ci ilin dekabr ayında Humanitar Kollecin direktoru vəzifəsinə təyin olunub. O, son 5 il ərzində bir sıra qalmaqallarla və xüsusən 2021-ci ildə 67 müəllimi işdən çıxardığına görə gündəmə gəlmişdi. N.Qaralova son bir neçə ayda da xeyli sayda kollecin müəllim heyətini işdən çıxarıb. Hazırda sözügedən müəllimlərin bir qismi Dövlət Əmək Müfəttişliyi Xidmətinə və eyni zamanda məhkəmələrə müraciət ediblər.

Demokrat.az

NE
Nihadə Eyyubova