Siyasət Özəl

Azərbaycanın səbrini sınamağa çalışırlar — Hulusi Kılıç

Azərbaycanın səbrini sınamağa çalışırlar — Hulusi Kılıç

“Ötən günlərdə İrandan ballistik raketin Türkiyəyə atılmasını şiddətlə qınayırıq. Şükürlər olsun ki, Allahdan heç bir can itkisi və ya yaralanan olmadı. Lakin dünən isə Can Azərbaycanımızın Naxçıvan bölgəsinə raket hücumu olub. Bu hadisə, savaşın fərqli və daha təhlükəli hala girdiyini açıq şəkildə göstərir”. Bu fikri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, Türkiyə və Azərbaycana edilən hücumları şiddətlə qınayırıq:

“Hətta bunların inkar edildiyi söylənilsə də, faktik olaraq, Türkiyənin və Azərbaycanın səbrini sınamağa çalışırlar. Türkiyə və Azərbaycanın öz torpaqlarını və hava sahələrini müdafiə edəcək gücü və iradəsi vardır. Türkiyə və Azərbaycana edilən hər bir hücum düşməncə bir davranışdır və lazımi vaxtda bu hücumlara qarşılıq veriləcəkdir. Türkiyə və Azərbaycan eyni şəkildə bölgədə barışın təmin olunmasını, bir an əvvəl atəşkəsin elan edilməsini və insan itkilərinin azalmasını arzu edirlər. Həm Türkiyə, həm də Azərbaycan sülh və barış tərəfdarıdır. Bu səbəbdən bir an əvvəl bu savaşın sonlanmasını diləyirik”.

O qeyd edib ki, İrandan bölgə ölkələrinə və Körfəz ölkələrinə edilən hücumları da qınanılır:

“Bunlar, başqa ölkələrin torpaqlarına edilən açıq hücumlardır. Bununla yanaşı, Amerika və İsrailin İrana qarşı etdiyi hücumu da şiddətlə pisləyirik. Bu cür hərəkətlər, bəşəriyyətin ölümünü və hüququn pozulmasını göstərir. Bu, hüququn üstünlüyü deyil, üstünün hüququdur. Bu səbəbdən, bir an əvvəl bu nizamın və savaşın sona çatması gərəkdiyinə inanırıq. Türkiyə, atəşkəs üçün əlindən gələn bütün səyi göstərməkdədir. Prezidentimiz və Xarici İşlər Nazirimiz, gərəkli təşəbbüsləri davam etdirirlər. Həmçinin, Prezident, Ali Baş Komandan İlham Əliyev də İran Prezidenti Pezeşkiana zəng edən ilk prezidentdir. Türkiyə və Azərbaycan heç vaxt müharibə istəməyib və müharibəyə qarşıdır. İran xalqına başsağlığı diləyirik. İnşallah, bu savaş bir an əvvəl bitər və sülh təmin olunar”.

Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova