İqtisadiyyat Özəl

Yaxın Şərqdə gərginlik artır, gözlər Bakıya çevrilib

Yaxın Şərqdə gərginlik artır, gözlər Bakıya çevrilib

Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji marşrutları ətrafında yaranan qeyri-müəyyənlik fonunda Avropa İttifaqı alternativ və daha etibarlı tərəfdaşlara yönəlir. Bu kontekstdə Aİ Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi təqdim edir. Hesab edirlər ki, enerji təhlükəsizliyinin təmin olunması üçün mənbələrin və marşrutların şaxələndirilməsi vacibdir. Azərbaycan isə zəngin təbii qaz ehtiyatları və formalaşmış ixrac infrastrukturu ilə bu strategiyada mühüm yer tutur. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına nəql olunan qazın həcminin artırılması məsələsi gündəmdədir. Rəsmi Bakı da enerji sahəsində uzunmüddətli və etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməyə çalışır. Mövcud şəraitdə tərəflər arasında enerji dialoqunun daha da intensivləşəcəyi gözlənilir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycan hər gün bir qədər daha çox alternativ enerji mənbəyinə çevrilməkdədir:

“Bu da Azərbaycanın həyata keçirdiyi uzunmüddətli enerji siyasəti ilə bağlıdır. Çünki hazırkı tarixi mərhələdə ənənəvi qazma üsulu ilə çıxarılan enerjilər yeni bərpa olunan enerji mənbələri ilə əvəz olunmaqdadır. Vaxtilə belə düşünülürdü ki, Azərbaycan yalnız qazma üsulu ilə çıxarılan enerji mənbələrindən biri olaraq Avropaya tərəfdaşlıq edə bilər. Ancaq Azərbaycan bu tarixi prosesin gidişatına diqqət edərək, neft və təbii qazdan əldə edilən gəlirlərin bir hissəsini regionumuzun coğrafiyasına və hidrologiyasına uyğun olaraq bərpa olunan enerji sektorunun inkişafına həsr etdi. Həm coğrafiyamızın verdiyi üstünlüklər, həm də qoyulan sərmayələr Azərbaycanı etibarlı və səmərəli bir alternativ bərpa olunan enerji mənbəyinə çevirir. Yaxın Şərqdə və Rusiyada baş verən proseslər Avropanın enerji tələbatını artırmaqdadır. 21-ci əsrdə enerji tələbatının məhz alternativ enerjilərdən ödənilməsi üçün hər bir Avropa ölkəsinin ayrıca enerji doktrinası var.

Azərbaycanın yaratdığı model məhz bu tələblərə cavab verməklə 21-ci əsrin enerji mübadiləsi üçün olduqca əlverişli bir şərait formalaşdırır. Şübhəsiz ki, bu, Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə əlaqələndirilməlidir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova