Bakının Qaradağ rayonunda 1997-ci il təvəllüdlü Ziya gediş haqqı üstündə yaranan mübahisə zamanı taksi sürücüsü Rafiqə xəsarət yetirib. Hadisə ötən ilin yanvarın 20-də baş verib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə Ucar rayon sakini Ziya həmin gün axşam saat 21:00-da “Koroğlu” metro stansiyasının yaxınlığından Lökbatan qəsəbəsinə getmək üçün taksi tutub. Avtomobilin sürücüsü Rafiq əvvəlcə bir nəfəri 4 manata aparacağını deyib. Daha sonra yolüstü digər sərnişin də maşına əyləşib və yolda Rafiq bir nəfər daha götürüb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin dairəsinə yaxınlaşanda digər sərnişin sürücüyə 3 manat verəcəyini deyib. Sürücü bununla razı olmadığını bildirərək sərnişinlə sözlə mübahisə edib.
Ziyanın ifadəsində deyilir:
“Özüm Rafiqə 10 manat verərək qalan 6 manatı qaytarmasını gözləməyə başladım. Həmin zaman taksi sürücüsü 'nə xoruzlanırsan?' deyərək üstümə gəldi. Sürücüyə qalan pulumu verməyi deyəndə ünvanıma nalayiq ifadə işlətdi. Bunun üçün mən də ona qarşı nalayiq ifadə işlətdim. Bundan sonra tutaşdıq. Orada olan tanımadığım şəxslər bizi araladı. Rafiq 'otur maşına' deyərək ünvanıma nalayiq ifadə işlətdi. Eyni zamanda 'otur maşına səni aparıb başa salacağam' dedi. Daha sonra avtomobilinə əyləşdim və Rafiq avtomobili bir az irəlidə sol tərəfdə kənar yerə sürdü. Oraya çatan zaman ağır formada nalayiq ifadələr işlədərək birbaşa üzümə söyüş söydü və avtomobildən düşdü. Daha sonra özüm də avtomobildən düşdüm və Rafiq yaxınlaşan zaman onun qarın nahiyyəsindən bir təpik vurdum. Rafiq yenə də ünvanıma, ailə üzvlərimə söydüyü üçün buna dözə bilməyərək onun sifət nahiyəsindən bir neçə yumruq zərbələri vurdum.”
Ziya bildirib ki, hadisə vaxtı Rafiq baş və sifət nahiyyəsindən yumruq vurduğundan onun ayağından vuraraq yerə yıxıb, yerə yıxılan zaman isə başı yerə dəyərək qanayıb. Ziya əlavə edib:
“Daha sonra biz aralaşdıq, Rafiq avtomobilə əyləşdi. Əvvəl Rafiq, sonra isə özüm Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdik. Hadisə zamanı yaxınlıqda heç kim olmayıb. Hadisə zamanı özümdə xəsarətlər almışam. Törətdiyim əməldən peşmanam. Zərərçəkmiş şəxsə 400 manat pul vermişəm və barışığa cəhd etmişəm. Onun istədiyi məbləği ödəyə bilmirəm.”
Zərərçəkmiş Rafiqin sözlərinə görə:
“Yanvarın 20-də, axşam radələrində Koroğlu metrosunun çıxışında bir nəfər şəxs yaxınlaşaraq neçəyə Lökbatan dairəsinə aparacağımı soruşdu. Mən də adam başı üç manata aparacağımı bildirdim. Həmin şəxs yanında olan digər şəxslə adama 4 manata verərək getmək təklifi etdilər. Hərəkətə başlamaq istəyən zaman bir nəfər şəxs yaxınlaşaraq 2 mantı olduğunu dedi, onu da aparmağı xahiş etdiyi üçün avtomobilə əyləşdirdim və yola çıxdım. Yolda gedən zaman bir nəfər şəxsi də götürdüm. Qaradağ rayon Lökbatan qəsəbəsi ərazisində yerləşən 'Binə' ticarət mərkəzinin dairəsinə çatan zaman ilk avtomobilə əyləşənlərdən biri 3 manat verəcəyini dedi. Ona 4 manata danışdığımızı xatırlatdıqda o 'yolda bir nəfər götürmüsən' sözlərini dedi. Həmin şəxsə ondan pul almayacağımı dedim. Bu zaman həmin şəxslərdən biri, sonradan Ziya olduğunu bildiyim şəxs mənə 'sən nə yekə-yekə danışırsan' sözlərini dedi. Ziyadan nə dediyini soruşduqda o, ünvanıma nalayiq ifadə işlətdi. Bunun üçün mən də ona qarşı nalayiq ifadə işlətdim. Daha sonra Ziya ağır formada nalayiq ifadə işlətdiyi üçün ona eyni ifadələri söylədim.”
Rafiq əlavə edib:
“Daha sonra Ziya 'otur maşına sür, sənə başa salacağam' sözlərini dedi. Mən də getməyənin ünvanına 'var-yox söyüşü' söydüm. Avtomobilə əyləşərək bir az irəlidə, 'Binə' ticarət mərkəzindən üzü Lökbatan qəsəbəsi istiqamətinə yolun sol tərəfində boşluq əraziyə getdik. Orada avtomobildən düşdük. Həmin zaman Ziya sifət nahiyyəmdən yumruq zərbəsi vurdu. Zərbədən yerə yıxıldım və ayağım əzildi. Ziya ünvanıma nalayiq ifadə işlətdikdə ona qarşı nalayiq ifadə işlətdim. Ziya yenə vurmağa başladığı üçün yerə yıxıldım. Bu zaman başımdan tutaraq yerə vurdu. Hadisə zamanı ətrafda heç kim olmayıb. Hadisə vaxtı protez dişlərim sındı.”
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ziya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəza müddətində Ziya Ucar rayonunun hüdudlarını tərk edə, axşam saat 22:00-dan səhər 07:00-dək yaşayış yerini tərk edə bilməyəcək. Ona elektron nəzarət vasitəsi taxmaq, onu işlək vəziyyətdə saxlamaq, yaşayış yerini dəyişdiyi halda əvvəlcədən məhkəməyə məlumat vermək və iş/təhsil yerində dəyişiklik barədə orqanı məlumatlandırmaq tapşırılıb.
Fariz Məlikli Demokrat.az


