Meyvə ağaclarının gələcək məhsuldarlığını artırmaq üçün budama işlərini məhz indi görmək lazımdır. Ağaclarda şirə hərəkəti sürətlənmədən və tumurcuqlar partlamadan bu proses yekunlaşmalıdır.
Demokrat.az xəbər verir ki, qışın son günlərində edilən düzgün budama bitkinin yaz və yay boyu daha güclü böyüməsinə şərait yaradır. Hər ağacın isə özünəməxsus qulluq qaydası var. Məsələn, alma ağaclarında qurumuş, içəri doğru böyüyən və bir-birinə sürtünən budaqların kəsilməsi vacibdir. Bu, ağacın daha çox günəş işığı almasını təmin edir və xəstəlik riskini azaldır. Armud ağaclarında isə zəif və məhsul verməyən budaqlar təmizlənməlidir ki, ağac enerjisini əsas məhsul verəcək hissələrə yönəltsin.
Üzüm tənəklərinin budanması məhsuldarlığı müəyyən edən ən vacib amildir. Bu işi aprel ayına saxlamaq olmaz. Gecikmə baş verərsə, "tənək ağlaması" adlandırılan intensiv şirə itkisi yaşanır və bitki zəifləyir. Buna görə də üzüm tənəklərində budama mart ayı ərzində tamamlanmalıdır.
Güllər və əncir ağacları da bahar öncəsi xüsusi diqqət tələb edir. Qurumuş və xəstəlikli budaqları təmizlənən güllər yay boyu daha canlı çiçək açır. Əncir ağaclarında isə ağır budama tövsiyə edilməsə də, zəif hissələrin kəsilməsi məhsulun keyfiyyətini artırır. Mütəxəssislər budama zamanı istifadə olunan alətlərin təmiz olmasına və kəsilən səthlərin xüsusi məcunla bağlanmasına diqqət yetirməyi məsləhət görürlər.
İsmayıl Demokrat.az


