Sağlamlıq Özəl

Diş təmizliyi ilə ürəktutmanın əlaqəsi tapıldı

Diş təmizliyi ilə ürəktutmanın əlaqəsi tapıldı

“Ağız və diş sağlamlığı yalnız estetik məsələ deyil, ümumi sağlamlığın ayrılmaz hissəsidir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri türkiyəli həkim, tibb-eksperti Tuğba Toz Akalın səsləndirib.

O bildirib ki, pis ağız gigiyenası ürək-damar xəstəliklərindən diabetə qədər bir çox problemin yaranmasına zəmin hazırlayır.

“Ağız həzm və tənəffüs sisteminin giriş qapısıdır”. Akalın qeyd edib ki, kifayət qədər təmizlik olmadıqda zərərli bakteriyalar sürətlə çoxalır və xroniki infeksiyalar formalaşır. Onun sözlərinə görə, bu infeksiyalar immun sistemini daim aktiv vəziyyətdə saxlayır və bədəndə aşağı səviyyəli, lakin davamlı iltihab prosesinə səbəb olur.

“Xüsusilə xroniki diş əti iltihabı ürək-damar xəstəlikləri üçün əhəmiyyətli risk faktorudur”. O vurğulayıb ki, ağız boşluğundakı bakteriyalar qana keçərək damar sərtləşməsini sürətləndirə, nəticədə ürək tutması və insult riskini artıra bilər. “Diabet xəstələrində diş əti infeksiyaları insulin müqavimətini gücləndirir və qan şəkərinə nəzarəti çətinləşdirir”, deyə əlavə edib.

“Diş çürükləri və diş əti xəstəlikləri erkən mərhələdə əlamətsiz irəliləyə bilir”. Həkim xəbərdarlıq edib ki, vaxtında müdaxilə olunmadıqda diş itkisi, çənə sümüyünün zədələnməsi, baş və üz ağrıları kimi ağır fəsadlar yaranır. “Yaşlı insanlarda ağızdakı bakteriyalar tənəffüs yollarına düşərək pnevmoniya riskini də artırır”, deyə o bildirib.

“Diş həkiminə yalnız ağrı olduqda müraciət etmək yanlış vərdişdir”. Akalın müntəzəm yoxlamaların erkən diaqnoz baxımından vacib olduğunu deyib. O, dişlərin gündə iki dəfə fırçalanmasını, diş ipindən istifadəni və şəkərli qidaların məhdudlaşdırılmasını tövsiyə edib.

Həkimin sözlərinə görə müraciətlərin əsasən ağrıdan sonra edilməsi xəstəliklərin gec aşkar olunmasına səbəb olur. O vurğulayıb ki, ağız sağlamlığını qorumaq yalnız gözəl təbəssüm üçün deyil, bütün orqanizmin sağlamlığı üçün vacibdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova