Cəmiyyət

Qanlıgöl ətrafındakı meşəlik məhv olur: Park vədi yalan çıxır?

Qanlıgöl ətrafındakı meşəlik məhv olur: Park vədi yalan çıxır?

Yasamal rayonundakı Qanlıgölün yaxınlığında yerləşən meşəlik ərazinin taleyi sual altındadır. Ötən ildən bəri ərazidə park salınacağı ilə bağlı məlumat lövhəsi quraşdırılsa da, hələ də real işlərə başlanılmayıb. Sakinlər ərazidə yaşıllığın sürətlə azaldığını, ağacların qurudulduğunu və gizli qazıntı işlərinin aparıldığını bildirirlər.

Demokrat.az xəbər verir ki, ərazidə yaşayan vətəndaşlar park vədinin arxasında tikinti planlarının dayandığından şübhələnirlər:

“Çalışdığımız qədər buna imkan verməyəcəyik, çünki əsas yaşıllıqdır. Hər yerdə bina tikməklə deyil ki! Həmin ərazidə park salınsa, yaxşı olar”.

Tikinti şirkəti isə gecikmənin səbəbini sənədləşmə işləri ilə əlaqələndirir. Şirkət nümayəndələrinin açıqlamasına görə, park layihəsi ləğv edilməyib:

“Bu plan hazırda da qüvvədədir. Layihə üzrə ilkin hazırlıq işləri aparılıb. Sadəcə olaraq mövcud torpaq sahəsinin hüquqi statusu tam rəsmiləşdirilməyib. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Prosesin qanuni tərəfləri tam həllini tapandan sonra işlərə start veriləcək. Biz park layihəsini reallaşdırmaqda maraqlıyıq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ərazidə qanunsuz ağac kəsiminin olmadığını iddia edir. Nazirlikdən verilən məlumata görə, 2024-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinin müraciəti əsasında quruyan ağacların götürülməsinə rəy verilib:

“Həmin tarixdən indiyədək şamlıqda bir dənə də olsun ağac kəsintisi qeydə alınmayıb”.

Buna baxmayaraq, sakinlər meşəlik ərazinin qorunması üçün nəzarətin gücləndirilməsini və parkın kağız üzərindən real fəaliyyətə keçməsini tələb edirlər.(İTV)

Demokrat.az

NE
Nihadə Eyyubova