İdman Özəl

"Qarabağ"ın oyunu ilə bağlı araşdırma aparılacaq — RƏSMİ

Qarabağın oyunu ilə bağlı araşdırma aparılacaq — RƏSMİ

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşması təkcə idman mübarizəsi ilə deyil, eyni zamanda yayımlanan reklam görüntüləri ilə də diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının reklamına yol verilmir:

“Bundan əlavə, idman obyektlərində, eləcə də bədən tərbiyəsi-sağlamlıq tədbirləri və yarışlarının keçirildiyi digər yerlərdə reklamın yerləşdirilməsi və yayımı qaydası, habelə idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmçinin oxu: 'Qarabağ'ın matçında qanunsuz reklam? — Klubdan ÖZƏL AÇIQLAMA “Qarabağ”ın oyunundakı mərc şirkətinin reklamı ilə bağlı CBC-dən açıqlama 'Qarabağ' niyə 1:6 uduzdu? — AÇIQLAMA

Qanunvericiliyə görə idman mərc oyunları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) tərəfindən həyata keçirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən, lotereyaların (stimullaşdırıcı lotereya istisna edilməklə) və idman mərc oyunlarının reklamının sifarişçisi qismində “Lotereyalar haqqında” Qanunla müəyyən edilmiş lotereya təşkilatçısı və “Bədən tərbiyəsi və idman haqqında” Qanunla müəyyən edilmiş idman mərc oyunlarının operatoru çıxış edir. Həmin Qanunun 32-ci maddəsində nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının və ya satıcısının, həmçininmüvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir”.

Qeyd edilib ki, reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar:

“Qumar oyunlarının, həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamıAzərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. Qeyd edək ki, qanunsuz qumar və idman mərc oyunlarının reklamlarının yayımlanması ilə bağlı Agentlik tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir. Həmçinin ötən gün “Qarabağ” UEFA Çempionlar Liqasının “Play-off” mərhələsinin ilk oyunu çərçivəsində “Nyukasl”la qarşılaşmada “bet365” onlayn mərc və qumar şirkətinin reklamının yayımlandığı müəyyən edilmişdir. Qeyd olunan oyun beynəlxalq səviyyəli tədbir olduğundan yayımlanan reklama dair xüsusi araşdırmanın aparılmasına zərurət yaranmışdır. Araşdırma yekunlaşdıqdan sonra nəticələrinə dair məlumat verilə bilər”.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində qanunsuz sayılan mərc və qumar oyunlarının reklamı qadağandır. “bet365” isə Azərbaycanda lisenziyası olmayan, fəaliyyəti rəsmi şəkildə icazə verilməyən mərc şirkətləri sırasında yer alır. Bu baxımdan, sözügedən şirkətin reklamının beynəlxalq turnir çərçivəsində yayımlanması hüquqi ziddiyyət kimi qiymətləndirilir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova