Kriminal Özəl

Bakıda kişi arvadının başına duz qabı atdı, qadın polis çağırdı

Bakıda kişi arvadının başına duz qabı atdı, qadın polis çağırdı

Bakının Sabunçu rayonunda 44 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 5-də rayonun Ramana qəsəbəsi, Südçülük sovxozunda baş verib. Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Tahir həmin gün saat 11 radələrində yaşadıqları evdə keçmiş həyat yoldaşı Samirənin (adlar şərtidir – red.) onu təhqir etməsi səbəbindən yaranmış mübahisə zamanı masanın üzərindən götürdüyü duz qabını onun başına atıb. Sonra əl və ayağı əli ilə bədəninin müxtəlif nahiyələrindən vurub.

Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə təqsirli bilib və ifadəsində göstərib ki, təxminən 10 il əvvəl Samirə ilə ailə həyatı qurun, bu nikahdan iki azyaşlı övladları dünyaya gəlib: “Övladlardan biri 10 yaşlı olub, serebral iflic xəstəliyindən əziyyət çəkir, digəri isə 5 yaşındadır. Bizim aramızda ailə münasibətləri dövründə mütəmadi olaraq münaqişələr baş verdiyi üçün təxminən 5 il əvvəl rəsmi şəkildə boşanmışıq. Lakin, boşanmadan sonra da eyni mənzildə birgə yaşamışıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün, saat 11:00-da Samirə yaşadıqları evdə ona qarşı təhqiredici ifadələr işlədib, onu “qudurmaqda” ittiham edərək alçaldıcı sözlər deyib: “Sözügedən ifadələr nəticəsində əsəbiləşdim. Masanın üzərində olan duzqabını götürərək onun baş nahiyəsinə atdım, ona xəsarət yetirdim”.

Zərərçəkmiş Samirənin sözlərinə görə, ailə münasibətləri dövründə tərəflər arasında müxtəlif səbəblərdən, xüsusilə də Tahirin spirtli içkilərdən istifadəsinə görə mütəmadi olaraq mübahisələr baş verib: “Bu səbəbdən 2017-ci ildə rəsmi şəkildə boşandıq. Lakin övladlarımızın tərbiyəsi və qayğısını təmin etmək məqsədilə hazırda eyni mənzildə birgə yaşamağa davam etdik. Oktyabrın 5-də, saat təxminən 11:00-da yaşadığım mənzildə olarkən Tahir mənim başqa şəxslə danışdığımı düşünərək mübahisə yaratdı. Mübahisə zamanı onun dediklərinə kobud şəkildə etiraz etdim. Tahir masanın üzərində olan duz qabını götürərək baş nahiyəmə atmaqla xəsarət yetirdi. Ardınca əl və ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdi”.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Tahir aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova