Gündəm Özəl

BMT və Avropa qurumlarında ikili standart: Azərbaycan hansı yolu seçir? (ŞƏRH)

BMT və Avropa qurumlarında ikili standart: Azərbaycan hansı yolu seçir? (ŞƏRH)

"Azərbaycanın bu gün qlobal və regional beynəlxalq təşkilatlarla münasibətlərinə fərqli prizmalardan yanaşmaq lazımdır. BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların hər biri ilə əməkdaşlıq eyni məntiqlə qurula bilməz, çünki bu təşkilatların hər biri ilə Azərbaycanın tarixi münasibətləri və təcrübəsi fərqlidir".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, bildirib ki, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarla Azərbaycan daha çox qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlıq edib:

"Buna qarşılıq olaraq, bəzi qlobal və regional təşkilatlarla, xüsusən BMT, ATƏT və Avropa strukturları ilə münasibətlərdə uzun illər ərzində ikili standartlar və qeyri-obyektiv yanaşmalar müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünə dair qəbul edilən qərarların icra edilməməsi bu münasibətlərin ən bariz nümunələrindən biridir. Bu gün həmin təşkilatların özləri də dərin böhran yaşayır. BMT artıq qlobal sülh və təhlükəsizliyin təminatçısı rolunu əvvəlki kimi effektiv yerinə yetirə bilmir. Güclü dövlətlərin öz maraqları əsasında beynəlxalq sistemi yönləndirməsi bu qurumların nüfuzunu zəiflədib və onların obyektivliyinə kölgə salıb".

Ekspert bildirib ki, belə bir şəraitdə Azərbaycanın bu təşkilatlardan böyük siyasi və strateji dəstək gözləməsi real görünmür:

"Avropa İttifaqı və ATƏT kimi qurumların Azərbaycana münasibətdə ikili standartları davam etdirməsi də əməkdaşlığın perspektivlərini məhdudlaşdırır. Bu təşkilatlarla münasibətlərin gələcəyi daha çox onların öz mövqelərindən və davranışlarından asılı olacaq. Bu baxımdan, Azərbaycanın üçün daha etibarlı və perspektivli beynəlxalq platformalar kimi Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ön plana çıxır. Bu qurumlar çərçivəsində Azərbaycan daha obyektiv, ədalətli və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq imkanları əldə edir və gələcəkdə də bu istiqamətin daha da güclənməsi gözlənilir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova